Xaqani Məmmədov: “Sissoko Azərbaycan futbolunun başına bəla olub”
06.05.2008 - 14:37
Xaqani Məmmədov: “Sissoko Azərbaycan futbolunun başına bəla olub”
Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib. Assosiasiya rəsmisi bildirib ki, hakimliklə bağlı tətbiq olunan yeniliklərə uyğunlaşmaq üçün vaxt lazımdır: “Futbolçularımızın davranışı mentalitetdən irəli gəlir. Onlar sərt oyunla kobud oyun arasında böyük fərqin olduğunu anlamalıdırlar”. Azərbaycan Premyer Liqasının hesabat turunda Bərdə və Qaxda keçirilən matçları stadiondan izləyən X.Məmmədov hakimlikdən razı qalıb: “ABN - “İnter” oyununda Anar Salmanov, “Simurq” - “Olimpik” görüşündə isə Anar Niyazovun başçılıq etdiyi hakimlər briqadasının işini yüksək dəyərləndirirəm. Hakim-inspektorların onlara verdiyi qiymətə baxmağa ehtiyac görmürəm. Fikrimcə, hakimlərin qiymətlərini şişirtmək də lazım deyil. Ola bilsin ki, hakim-inspektorlar balı hesablayarkən FİFA-nın meyarlarını nəzərə alırlar. Hər halda, 7 və ya 7,5 bal da yaxşı qiymət sayılır”. Hesabat turunda “Karvan” və “Neftçi” arasında Yevlaxda keçirilən qarşılaşmanın videoyazısını izləyən komitə sədri vurğulayıb ki, meydan sahiblərinin hesaba alınmayan qolu ilə bağlı qəti qərar vermək çətindir: “Həmin epizodda ofsayd olub-olmadığını dəqiq aydınlaşdırmaq qeyri-mümkündür. Çünki videoçəkilişin pis aparılması buna imkan vermir. Hakimlərin dediyinə görə, zərbə anında “Karvan”ın futbolçusu oyundan kənar vəziyyətdə olub. Bu matçın hakimi 8-dən yuxarı bal alırsa, deməli, o, kobud səhv buraxmayıb”. “Xəzər-Lənkəran” - “Bakı” görüşündə qonaqların vaxt uzatmasına toxunan X.Məmmədov seneqallı qapıçı Xalidu Sissokonu günahlandırıb: “Bakı”nın qapıçısı Sissoko Azərbaycan futbolunun başına bəla olub. O, cəzalandırılmasına, qovulmasına baxmayaraq, yenə öz hərəkətindən qalmır. Seneqallı legioner Lənkəranda bir neçə dəfə zədə alıb. Futbolçu zədələnərkən tibbi personal ona meydandan kənarda yardım edə bilər. Qapıçı sıradan çıxanda isə oyunu dayandırmaq lazım gəlir”.
0