Valentin Xodukin: “Çempionluğun taleyi “Neftçi” – “Xəzər-Lənkəran” oyununda həll olunacaq”
06.05.2008 - 14:55
Valentin Xodukin: “Çempionluğun taleyi “Neftçi” – “Xəzər-Lənkəran” oyununda həll olunacaq”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Çempionluğun taleyi qarşıdakı turda, “Neftçi” və “Xəzər-Lənkəran” arasında keçiriləcək görüşdə müəyyənləşəcək. Premyer Liqanın hazırkı lideri “Olimpik” də məhz bu matçı səbirsizliklə gözləyir”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun ukraynalı baş məşqçisi Valentin Xodukin deyib. Ukraynalı mütəxəssis bildirib ki, “Olimpik” son iki oyunda xal itirsə də, çempionluğa ən real namizəddir: “Turnir cədvəlində “Olimpik”dən sonra qərarlaşan “Neftçi”ni həftəsonu “Xəzər-Lənkəran”la çətin oyun gözləyir. Lider ən yaxın izləyicisinin büdrəməsini istəyir. Flaqmanın bu matçda xal itirməsi “Olimpik”in işinə yarayacaq”. Rəqiblərin son durumundan söz açan 69 yaşlı məşqçi rəhbərlik etdiyi kollektivlə bağlı proqnoz vermək istəməyib: “Məni bugünkü durum maraqlandırır. Sabah necə olacağını hamımız görəcəyik. Təqvimin bizim üçün münasib olması ilə tam razılaşmıram. Çünki Azərbaycan çempionatında asan tur yoxdur”.
Qeyd edək ki, “Neftçi”dən iki xal geridə qalan “İnter” 49 xalla 3-cü pilləni tutub. V.Xodukinin komandası iki tur öncə “Olimpik”in 21 oyunluq məğlubiyyətsiz seriyasına son qoymaqla, çempionluq uğrunda rəqabəti artırıb.
0