Azərbaycan Premyer Liqasının növbəti turunu 8 futbolçu buraxacaq
06.05.2008 - 16:30
Azərbaycan Premyer Liqasının növbəti turunu 8 futbolçu buraxacaq
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycan Premyer Liqasının XXIV turunda 6 klub cəzalı futbolçusunun xidmətindən yararlana bilməyəcək. “APA-Sport” agentliyinin məlumatına görə, 8 oyunçu sarı vərəqə limitini doldurduğundan qarşıdakı turu buraxacaq. Bunlardan beş futbolçu 4-cü, üç oyunçu isə 8-ci sarı vərəqəni aldığından komandasına kömək edə bilməyəcək. XXIV turun mayın 11-də “Neftçi” və “Xəzər-Lənkəran” arasında keçiriləcək mərkəzi görüşündə əsas heyətin 3 üzvü çıxış etməyəcək. Bakılılardan son turda vərəqələrinin sayını 4-ə çatdıran Nazar Bayramovla Ruslan Abışov, lənkəranlılardan isə Alim Qurbanov oynamayacaq. Həmin gün baş tutacaq “Qəbələ” – “Gənclərbirliyi” matçında da 3 futbolçu forma geyinməyəcək. Tornike Aptsiauri (“Qəbələ”) və Ruslan Musayev (“Gənclərbirliyi”) 8-ci sarı vərəqə göstərilmiş cəzalı duruma düşüblər. Eyni zamanda, Sumqayıt klubunun məşqçi korpusu 4-cü dəfə xəbərdarlıq alan Səbuhi Sadiqovun da xidmətindən məhrumdur. ABN “Standard”la səfər, “Bakı” isə “Qarabağ”la öz meydanında keçirəcəyi qarşılaşmaya itki ilə çıxacaq. Bərdəlilər 4-cü dəfə cəzalanan Anar Qasımovsuz, bakılılar isə bundan iki dəfə çox xəbərdarlıq alan Aleksandr Qoqoberişvilisiz oynayacaq. Ötən il 10 oyunluq cəzalandırılan “Masallı”nın müdafiəçisi Bəxtiyar Mehrəliyev isə XXIV turda meydana qayıda bilər.
0