Zeynal Məmmədov: “Xəzər-Lənkəran”ın vaxt uzatmağımızla bağlı qaldırdığı səs-küy yersizdir”
06.05.2008 - 17:40
Zeynal Məmmədov: “Xəzər-Lənkəran”ın vaxt uzatmağımızla bağlı qaldırdığı səs-küy yersizdir”
Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə “Xəzər-Lənkəran”la qarşılaşan “Bakı”nın çıxışından razı qalan Z.Məmmədov rəqibin narazılığını əsassız sayır: “Xəzər-Lənkəran”ın vaxt uzatmağımızla bağlı qaldırdığı səs-küy yersizdir. Guya, “Bakı”nın oyunçuları 18 dəqiqə yerdə qalaraq, vaxt uzadıblar. Əslində bu, şişirdilmiş rəqəmdir. Futbolçularımız zədə ucbatından maksimum 4-5 dəqiqə vaxt aparıblar ki, baş hakim İmanxan Sultani də bunu oyunun sonlarında nəzərə alıb. Qapıçımız Xalidu Sissoko bilərəkdən deyil, zədə üzündən yerdə uzanmalı olub. Görəsən, “Xəzər-Lənkəran” qalan 72-75 dəqiqədə niyə qol vura bilmədi? Rəqibin fərqlənməyə yüz faizli imkanı olmadı. Biz isə hücumçusuz oynasaq da, iki real qol şansı yaxaladıq. Təəssüf ki, əlverişli imkanlardan yararlana bilmədik”. Baş menecer vurğulayıb ki, stimullaşdırılma və digər söhbətlərin qarşısını almaq məqsədilə matçdan öncə futbolçulara ciddi tapşırıq verilib: “Xoşagəlməz söz-söhbətlərin yaranmaması üçün bu oyunda xal qazanmalı idik. Futbolçularımız da bu vəzifənin öhdəsindən gələrək, özünəinam hissini qaytardılar. Uğursuz çıxışımızda hakimlərin nə qədər rolu olsa da, biz səhvi ilk növbədə özümüzdə axtarırıq. Hakimliyə gəlincə, Lənkərandakı oyunla əlaqədar bizim də narazılığımız var. Beş futbolçumuza sarı vərəqə göstərən İmanxan Sultani Bəxtiyar Soltanovu səbəb olmadan cəzalandırdı. Son dəqiqədə isə əlverişli mövqedə olan Amiran Muciri hücum edərkən final fiti səsləndirildi”. “Xəzər-Lənkəran”la problemlərinin olmadığını söyləyən “Bakı”nın rəsmisi iddialı klubların qarşılaşmasının həmişə gərgin mübarizə şəraitində keçdiyini bildirib: “Bakı” çempionatda rəqabəti saxladı. Lənkəranda qazandığımız bir xal kimlərinsə planlarını pozdu”.
Qeyd edək ki, “Bakı”nın “Xəzər-Lənkəran”la cari mövsümdə hər iki görüşü heç-heçə (2:2; 0:0) nəticələnib.
0