Elxan Abdullayev: “Foqts milli komandada məşqçi işləməyimi istəyib”
07.05.2008 - 09:34
Elxan Abdullayev: “Foqts milli komandada məşqçi işləməyimi istəyib”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Berti Foqtsla tanışlığım “Şəfa” stadionunda olub. İngilis dili ilə yanaşı, almanca da danışa bilirəm”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun məşqçisi Elxan Abdullayev deyib. Azərbaycan milli komandasında braziliyalı Karlos Alberto Torresin dövründə də çalışan 38 yaşlı məşqçi yenidən yığmada işləməyə hazırdır: “Foqtsla söhbətimdən sonra mənə AFFA-dan zəng gəldi. O, mənimlə çalışmaq istəyini bildirib. Bildiyimə görə, başqa namizədlər də var və seçimlə bağlı son sözü almaniyalı deyəcək. Yenidən yığmada işləmək istərdim”. E.Abdullayev vaxtilə Azərbaycan olimpiya yığma komandasında da məşqçi vəzifəsində çalışıb: “Beş il yığmalarda işləmişəm ki, bunun iki ili millidə olub. 1999-cu ilin sentyabrından 2000-ci ilin fevralınadək Almaniyada məşqçilik kursunda təhsil almışam. Həmin vaxt bir sıra almaniyalı məşqçilərlə görüşsəm də, onlar arasında Foqts olmayıb. Məndə Almaniya Futbol İttifaqının verdiyi məşqçilik lisenziyası var ki, bu da UEFA-nın A kateqoriyasına bərabər sayıla bilər. Əlbəttə, klubda da işləmək maraqlıdır. Daim məşqlərdə olur, yığmaya namizədləri nəzarətdə saxlayırsan. Az çalışanda isə məşqçi necə deyərlər, paslanır”.
Qeyd edək ki, yığmada köməkçi-məşqçi kimi çalışmağa E.Abdullayevlə yanaşı, Bakının “Standard” klubunda fəaliyyət göstərən Vladislav Qədirovun da namizədliyi var. Bir sıra məşqçilərin dosyelərini toplayan AFFA rəhbərliyi yığmanın hazırkı məşqçiləri Nazim Süleymanovla Qurban Qurbanovun namizədliyini də nəzərdən keçirir.
0