Azərbaycan çimərlik futbolu yığmasının heyəti açıqlanıb
07.05.2008 - 11:10
Azərbaycan çimərlik futbolu yığmasının heyəti açıqlanıb
Bakı. Aqşin Əliyev – APA-Sport. Dünya çempionatının seçmə mərhələsində iştirak edəcək çimərlik futbolu üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. “APA-Sport” agentliyinin AFFA-nın rəsmi İnternet saytına istinadən verdiyi məlumata görə, yığmanın braziliyalı baş məşqçisi Qustavo Enrike Zlokkovik Silva 12 futbolçuya dəvət göndərib. Əsasən futzalçılardan ibarət heyətdə Ruslan Əliyev, Ramil Həsənzadə, Nahid Mehrəliyev, İlham Əzizzadə, Abuzər İbrahimov, Rizvan Fərzəliyev, Elvin Quliyev, Elşad Quliyev, Namiq Məmmədkərimov, Natiq Məmmədkərimov, Hikmət Bağırov və Sahib Məmmədov yer alıb. Milli komandamızın tarixində ilk dəfə mübarizə aparacağı dünya çempionatının seçmə mərhələsinin oyunları İspaniyanın Benidorm şəhərində keçiriləcək. Avropa zonası üzrə C qrupunda çıxış edəcək futbolçularımız İtaliya (11 may), Norveç (12 may) və Yunanıstanı (13 may) sınağa çəkəcəklər. Ümumiyyətlə, seçmə mərhələdə 24 komanda 6 qrupda 4 vəsiqə uğrunda yarışacaq. Qruplarda ilk iki pilləyə sahib çıxanlar, eləcə də ən yaxşı göstəricilərlə 3-cü sırada qərarlaşan 4 yığma 1/8 finala yüksələcək. Yarımfinaladək irəliləyəcək milli komandalar isə iyulda Fransanın Marsel şəhərində təşkil olunacaq dünya çempionatına vəsiqə qazanacaqlar.
0