Anatoli Demyanenko: “Ağasəlim Mircavadovu xatırlamıram”
07.05.2008 - 15:56
Anatoli Demyanenko: “Ağasəlim Mircavadovu xatırlamıram”
“Yaxşı, iddialı komandadır. Hazırda turnir cədvəlində 4-cü yerdə qərarlaşması, liderlərdən geridə qalması hələ heç nə demək deyil. Mükafatçılar sırasına düşmək şansını saxlayır. Bir də ki, “Neftçi” ilə “Xəzər-Lənkəran”ın hansı pillədə qərarlaşmasından asılı olmayaraq, bu komandalar arasında oyun prinsipial xarakter daşıyır. Sözsüz ki, bu dəfə belədir və matç gərgin mübarizə şəraitində keçəcək”.
“Neftçi” – “Xəzər-Lənkəran” oyununu derbi matç kimi qəbul edən A.Demyanenko tarixə boylanıb: “Bu komandaların əvvəlki görüşlərinin prinsipial əhəmiyyətli olmasından xəbərdaram. “Neftçi” – “Xəzər-Lənkəran” matçının böyük maraq kəsb etdiyini, çoxlu azarkeşlərin izlədiyini bilirəm. Qarşıdakı görüş də diqqət mərkəzindədir və stadionda çoxlu azarkeşin olması yaxşı haldır. Hər halda, futbolu azarkeşlərə görə oynayırlar”.
“Xəzər-Lənkəran”ın sükanı arxasında olan Ağasəlim Mircavadovu qiyabi tanıyan 49 yaşlı ukraynalı mütəxəssis həmkarının yaxın keçmişdə “Neftçi”nin baş məşqçisi olmasını eşidib: “SSRİ dövründə “Neftçi”yə qarşı oynasam da, o vaxtlar komandanı çalışdırmış Mircavadovu xatırlamıram. Həmin vaxtdan xeyli müddət keçib. “Xəzər-Lənkəran” bu mütəxəssisin rəhbərliyi altında ötən mövsüm “qızıl dubl” edib. Qarşıdakı oyuna həmişə olduğu qaydada hazırlaşırıq. İtkilərimiz olsa da, bu bizi sarsıtmır. Hər halda, komanda 11 yox, 16-18 futbolçudan ibarətdir. “Neftçi” – “Xəzər-Lənkəran” oyununa proqnoz verə bilmərəm. Çempionluq uğrunda mübarizəmizi davam etdiririk və qarşıdakı matça qələbə qazanmaq üçün çıxacağıq. Lider “Olimpik”in “Karvan”la görüşündə də bizim üçün münasib nəticə qeydə alınması mümkündür. Hər halda, futbolda hər şey ola bilər. Liderin xal itkilərindən sonra çempionatda intriqa artıb, bizdə isə ikinci nəfəs açılıb”.
Qeyd edək ki, saat 20:00-da Az.TV ilə canlı yayımlanacaq “Neftçi” – “Xəzər-Lənkəran” oyunu mayın 11-də, “Olimpik” – “Karvan” matçı (17:00) bir gün sonra keçiriləcək.
0