Qoça Trapaidze: “Olimpik”dən xal almaq bizim üçün yaxşı reklam olacaq”
07.05.2008 - 16:58
Qoça Trapaidze: “Olimpik”dən xal almaq bizim üçün yaxşı reklam olacaq”
Bakı. Mehman Süleymanov-APA-Sport. “Olimpik” – “Karvan” oyunu mövsümün ən maraqlı matçlarından biri olacaq. Liderlə görüşə Bakıda ciddi hazırlaşırıq. “Olimpik”lə oyuna qələbə üçün çıxacağıq. Ən azı bir xal qazanmaq fikrindəyik”. Bunu “APA-Sport” agentliyinin açıqlamasında Azərbaycan Premyer Liqasının qarşıdakı turunda mayın 12-də lider “Olimpik”in qonağı olacaq Yevlaxın “Karvan” klubunun yarımmüdafiəçisi Qoça Trapaidze deyib. 32 yaşlı gürcüstanlı futbolçu bildirib ki, lideri büdrətmək gücündədirlər: “Düzdür, cari mövsümdə uğurlu çıxış etmirik. Turnir cədvəlinin aşağı pilləsində qərarlaşan komandamız eniş dövrünü yaşayır. Bununla belə, qarşıdakı oyuna nikbin baxıram. Çünki bizim liderlərlə oyunlarımız adətən yaxşı alınır”. “Olimpik”in son iki oyunda xal itirməsini özləri üçün müsbət amil hesab edən Q.Trapaidzenin sözlərinə görə, rəqib psixoloji gərginlik içindədir: “Adətən belə oyunlarda psixoloji üstünlük ortabab, şansları az hesab edilən komandaların tərəfində olur. Çünki liderlər xal itirməməyə çalışdığından, təzyiq altında olurlar. Bizim üçünsə qarşıdakı oyun turnir cədvəlindəki mövqeyimiz baxımından ciddi əhəmiyyət kəsb etmədiyi üçün, meydana rahat çıxacağıq”. Dörd ildir milli çempionatımızda çıxış edən gürcüstanlı futbolçu “Olimpik”lə görüşü özləri üçün müsbət imic formalaşdırmaq baxımından vacib matç sayır: “Biz artıq indidən gələn mövsümə hazırlaşırıq. Futbolçular gələcək karyeralarını nəzərə alaraq, özlərini yaxşı tərəfdən göstərmək çalışırlar. “Karvan”da qalmayan oyunçular başqa klublara keçməli olacaq. Mövsümün sonudur və hamı sərfəli müqavilələr bağlamaq istəyir. Bu mənada liderlə görüş yaxşı fürsətdir. “Olimpik”dən xal almaq bizim üçün yaxşı reklam olacaq. Ən az qol buraxan komandanın müdafiəsinə Tərlan Əhmədov kimi təcrübəli müdafiəçi başçılıq edir. Onu “Karvan”da bir yerdə oynadığımız dövrdən yaxşı tanıyıram. “Olimpik”ə qarşı necə oynamağı, qol vurmağı baş məşqçimiz Yunis Hüseynov daha yaxşı bilir. Biz də meydanda onun tapşırıqlarını yerinə yetirəcəyik”.
0