“Neftçi” “Xəzər-Lənkəran”ı məğlub etməklə, rekord müəyyənləşdirəcək
09.05.2008 - 12:50
“Neftçi” “Xəzər-Lənkəran”ı məğlub etməklə, rekord müəyyənləşdirəcək
Bakı. Vüqar Xeyrullayev-APA-Sport. Bakının “Neftçi” klubu “Xəzər-Lənkəran”ı məğlub etməklə rekord müəyyənləşdirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, ukraynalı mütəxəssis Anatoli Demyanenkonun yetirmələri qarşıdakı turda qələbə qazanmaqla, lənkəranlıların tarixinə düşə bilər. Birinci dövrədə Lənkəranda “Neftçi”yə məğlub olan Ağasəlim Mircavadovun komandası Azərbaycan Premyer Liqasının XXIV turunda da meydanı xalsız tərk etməklə rəqibinin ilk komanda olmasına mane ola bilməyəcək. İndiyədək elə bir komanda olmayıb ki, “Xəzər-Lənkəran” həmin rəqibə mövsümün bütün oyunlarında məğlub olsun. Ötən il noyabrın 11-də meydan sahiblərini Georgi Adamiyanın qolu ilə məğlub edən “Neftçi” cənubluları mövsüm ərzində xalsız qoyan ilk komanda adını ilk oyundan düz 6 ay sonra qazana bilər.
Qeyd edək ki, Premyer Liqada 2004-cü ildə debüt edən “Xəzər-Lənkəran”ın məğlub olduğu 17 oyundan 5-i flaqmanla matçlara təsadüf edib.
0