Zaur Tağızadə üçün mövsüm başa çatıb
12.05.2008 - 10:41
Zaur Tağızadə üçün mövsüm başa çatıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun daha bir yarımmüdafiəçisi üçün mövsüm bitib. “APA-Sport” agentliyinin məlumatına görə, Zaur Tağızadə ən azı gələn mövsümədək komandasına kömək edə bilməyəcək. Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilən “Neftçi” - “Xəzər-Lənkəran” matçında birbaşa qırmızı vərəqə alan 29 yaşlı futbolçu bu hərəkətinə görə ən yaxşı halda, iki oyunluq kənarlaşdırılacaq. Bu isə sonuna iki tur qalan mövsümün Z.Tağızadə üçün bitməsi deməkdir. Maraqlıdır ki, “Qarabağ” və ABN-ə qarşı görüşləri buraxmalı olacaq yarımmüdafiəçi mövsümün T.Bəhramov adına stadiondakı açılışında da qırmızı vərəqə almışdı. “Neftçi”nin ilk ev oyununda Avstriyanın “Rid” klubuna say çoxluğu qazandıran Z.Tağızadə meydandan qovulmaqla başladığı ev oyunlarını eyni tərzdə də tamamladı. Çempionatın iki matçından başqa, komandası Avropa kuboklarına çıxacağı halda oradakı ilk qarşılaşmada da “Neftçi” kapitansız çıxış edəcək.
Qeyd edək ki, Z.Tağızadədən başqa, əməliyyat olunan Svetoslav Stefanov üçün də carı mövsüm bitib. Daha iki yarımmüdafiəçi – Nazar Bayramovla Dmitri Kruqlov isə milli komandaya dəvət olunduğu üçün son turda meydana çıxmayacaq.
0