Roman Pokora: “42 ildir futboldayam, amma Azərbaycandakı kimi hakim özbaşınalığı görməmişəm”
12.05.2008 - 16:21
Roman Pokora: “42 ildir futboldayam, amma Azərbaycandakı kimi hakim özbaşınalığı görməmişəm”
R.Pokora bildirib ki, Azərbaycan Premyer Liqasının hesabat turunda “Masallı” ilə səfər matçındakı 1:1 hesablı nəticə oyuna görə olmayıb: “Baş hakim Rövşən Əhmədov vurduğumuz təmiz qolu hesaba almadı. İndiyədək bir neçə dəfə cəzalanan bu hakim yenidən eyni aqibətlə üzləşib. Əhmədov cəzası başa çatandan sonra bizim oyuna təyinat alaraq, kobud səhvə yol verir. Azərbaycanda çalışdığım bu iki mövsümdə Rövşən Əhmədov yan xətdəki köməkçisi İqor Şpakovski ilə birgə 4-cü dəfə bizim oyunda əleyhimizə qərarlar çıxarır. Belə hakimləri nəinki hakimliyə, ümumiyyətlə, stadionlara buraxmaq olmaz. 1966-cı ildən futbolda olsam da, belə bərbad hakimlik, hakim özbaşınalığı görməmişəm. Hakimlikdən uzaq olan belə adamlar futbola külli miqdarda sərmayə qoyanların zəhmətini yerə vururlar”. 60 yaşlı ukraynalı mütəxəssis İqor Şpakovskini onu və həmyerlilərini təhqir etdiyini iddia edib. R.Pokoranın sözlərinə görə, laynsman özünə aid olmayan işə başını soxub: “Şpakovski kimdir ki, bizi Azərbaycandan qovsun? Onun nə ixtiyarı var ki, ukraynalıların niyə burada çalışmasına münasibət bildirsin? Mənə deyir ki, siz bura pul dalınca gəlmisiniz, çıxın gedin vətəninizə. Düzdür, oyun zamanı əsəblərimi cilovlaya bilməyərək, onun idarəçiliyini sərt tənqid etdim. Ancaq bu ona AFFA rəsmilərinin gözü qarşısında məni alçaltmağına səlahiyyət vermir. Yenə getməyimizi azərbaycanlı desəydi, bunu haradasa başa düşmək olardı. Ancaq Şpakovski milliyətcə azərbaycanlı olmadığı halda, bizim də qeyri-azərbaycanlı olduğumuzu başımıza vurur”. Ukraynalı çalışdırıcının sözlərinə görə, R.Əhmədovla İ.Şpakovski hakimlik adına ləkə gətirirlər: “Onun test normativlərini verə bilmədiyini öyrənmişəm. Şpakovski xarici görünüşünə görə hakimə heç oxşamır. Onun elə qarnı çıxıb ki.... Rövşən Əhmədovla birgə çoxdan hakimliyi qurtarmalıdır. Beynəlxalq miqyasda irqçiliyə görə ağır cəzalar verilir. Hakimin Azərbaycan kimi qonaqpərvər ölkədə milli ayrı seçkiliyə görə bizə qarşı dedikləri cəzasız qalmamalıdır. Bu, əsl qalmaqal sayılır. Mən də dediklərimə görə cəzamı çəkməyə hazıram. Qoy AFFA məni cəzalandırsın, ancaq belə hakimləri birdəfəlik kənarlaşdırsın”.
0