Yunis Hüseynov: “Olimpik” çempion olacaq”
12.05.2008 - 18:22
Yunis Hüseynov: “Olimpik” çempion olacaq”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Lider “Olimpik”lə oyunda bizim üçün iki fərqli hissə oldu. İlk hissədə yaxşı oynadığımız halda, fasilədən sonra çox zəif təsir bağışladıq”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan Premyer Liqasının lideri “Olimpik”ə 0:2 hesabı ilə uduzan Yevlaxın “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov deyib. O bildirib ki, liderə qarşı oyuna görə futbolçular haqda ölçü götürüləcək: “İkinci hissədə zəif oyunumuzun cəzasını çəkdik. “Olimpik” hər iki qolu fasilədən sonra vurdu. Özü də bunlardan biri rəqib azlıqda olarkən qeydə alındı. Buraxdığımız səhvlər bizə baha başa gəldi. Bu azmış kimi, əlimizə düşən qol imkanlarından istifadə edə bilmədik. Futbolçularımızın zəif oyununun səbəbini araşdırıb, onları cəzalandıracağam”. 43 yaşlı çalışdırıcı “Olimpik”in bu qələbə ilə çempionluğu demək olar təmin etdiyi hesab edir: “Yəqin ki, çempion bu komanda olacaq. Hər halda, “Olimpik”in sona iki tur qalmış 5 xallıq üstünlüyü əldən verəcəyinə inanmıram. Onu da deyim ki, “Olimpik”ə bu gün zəif təsir bağışladı”.
0