Mario Souza “Olimpik”lə oyunu buraxacaq
13.05.2008 - 16:33
Mario Souza “Olimpik”lə oyunu buraxacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. “Xəzər-Lənkəran”ın braziliyalı legionerləri Dieqo Qusmao və Mario Souza problemlə üzləşib. Klubun həkimi Boris Xetaqurovun “APA-Sport” agentliyinə açıqlamasında hər iki yarımmüdafiəçinin son turda “Neftçi” ilə görüşdə aldıqları zədəni müalicə etdirdiyini bildirib. B.Xetaqurovun sözlərinə görə, həmyerlisindən fərqli, M.Souzanın zədəsi daha ciddidir: “Bu futbolçular zədə səbəbindən “Neftçi” ilə oyunda sonadək meydanda ola bilmədi. Bu gün apardığımız müayinənin nəticəsi Marionun qasıq nahiyəsində probleminin olduğunu aşkara çıxardı. O, əzələsini dartdığından bir müddət müalicəyə ehtiyacı var. Bu səbəbdən Souza qarşıdakı turda “Olimpik”lə oyunu buraxacaq. Dieqonun isə həmin matçda meydana çıxmasında problem olmamalıdır”. “Xəzər-Lənkəran”ın həkimi bildirib ki, M.Souzanın mövsümü vaxtından əvvəl başa vurmaq təhlükəsi var: “Souzanın sonrakı oyunlarda meydana çıxması onun müalicəsinin gedişindən asılı olacaq. Ola bilsin ki, braziliyalı zədəsi ciddi olduğu üçün cari mövsümdə bir daha meydana çıxmasın. Hər halda, onu mayın 24-də “İnter”lə ölkə kubokunun final oyununadək sağaltmağa çalışacağıq”.
Qeyd edək ki, “Xəzər-Lənkəran” mövsümü mayın 27-də “Simurq” ilə səfərdə keçirəcəyi oyunla başa vuracaq.
0