Xaqani Məmmədov: “Olimpik”in qələbəsinə inanmıram”
16.05.2008 - 12:12
Xaqani Məmmədov: “Olimpik”in qələbəsinə inanmıram”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Həm “Xəzər-Lənkəran”ın, həm də “Olimpik”in oyun üslubuna yaxşı bələdəm. Bu matçda lənkəranlıları daha şanslı sayıram”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun hücumçusu Xaqani Məmmədov deyib. “İnter”ə transfer olunanadək “Xəzər-Lənkəran”la “Olimpik”də çıxış edən 32 yaşlı futbolçunun sözlərinə görə, sabah Lənkəranda fərqli taktikalı komandaların qarşılaşması olacaq: “Olimpik” müdafiə futboluna meylli komandadır. “Xəzər-Lənkəran” isə oyunun gedişində tədricən hücuma üstünlük verir. Lənkəranlıların qələbəyə oynamayacağına heç inanmıram. Çünki “Xəzər-Lənkəran”a mükafatlar uğrunda mübarizədə üç xal çox lazımdır. Əks təqdirdə, son çempion medalsız qala bilər”. Çempionluq uğrunda “Olimpik”lə mübarizə aparan “İnter”in futbolçusu Lənkərandan xoş xəbər gözləyir. Premyer Liqanın bombardiri olan X.Məmmədov qızıl medallar uğrunda mübarizənin son turadək davam edəcəyini bildirib: “Lənkərandakı oyunda heç-heçənin olacağı daha real görünür. Bu isə “Olimpik”in xal itirməsi və çempionun son turda müəyyənləşəcəyi deməkdir. Təbii ki, bunun üçün “Gənclərbirliyi”ni məğlub etməyimiz də əsas şərtdir. “Xəzər-Lənkəran” “Olimpik”i yenmək gücündədir və bunun gerçəkləşəcəyinə inamım böyükdür. Liderin məğlubiyyəti isə bizə çox sərf edir. Belə olan halda, çempionluq şansımız xeyli yüksələcək. “Olimpik”in “Xəzər-Lənkəran”ı səfər meydanında məğlub edəcəyinə inanmıram”.
Qeyd edək ki, son iki tur qalmış “İnter”i 5 xal qabaqlayan “Olimpik” sabah Lənkəranda qələbə qazanmaqla, tarixində ilk dəfə ölkə çempionluğunu rəsmiləşdirəcək.
0