Elxan Abdullayev: “Foqts yığma ilə yanaşı, klubda da çalışmağımın tərəfdarıdır”
16.05.2008 - 16:25
Elxan Abdullayev: “Foqts yığma ilə yanaşı, klubda da çalışmağımın tərəfdarıdır”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Berti Foqstun köməkçisi olacağımı gözləyirdim. Ancaq bunun reallaşması fərqli məqamdır. Təyinatım haqda bu gün xəbər tutanda buna çox sevindim”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan milli komandasının məşqçisi Elxan Abdullayev deyib. Yığmamızda Berti Foqstun əsas köməkçisi olacaq 38 yaşlı məşqçi bu gün almaniyalı həmkarı ilə görüşüb: “Qapıçılarla işləyən Faiq Əzizovla birgə iştirak etdiyimiz görüşdə Foqts öz tövsiyələrini verdi. O, Azərbaycana yeni fəaliyyətinə başladığı üçün futbolçularla daha yaxından tanış olmaq, onlar haqda daha dolğun məlumat almaq istəyir. Mən də əsas köməkçilərindən biri kimi öz üzərimə düşən vəzifəmi yerinə yetirəcəyəm. Bura oyunları izləmək, baş məşqçiyə futbolçular haqda lazımi informasiyalar vermək daxildir. Foqts mümkün namizədlər haqda məlumat topladıqdan sonra qarşıdakı yoldaşlıq görüşləri üçün 50-60 futbolçu arasında istədiyi qədər seçim edəcək”. Bakının “İnter” klubunun məşqçisi milli komandamızda işlədiyi ilk vaxtda braziliyalı Karlos Alberto Torresin dönəmində “Bakı”nın sükanı arxasından getməli olub. Ancaq E.Abdullayevin sözlərinə görə, bu dəfə yığmaya görə klubdan getmək lazım gəlməyəcək: “Foqts “İnter”də məşqçi kimi fəaliyyətimi davam etdirməyi istəyir. Almaniyalı yığma ilə eyni vaxtda klubda da çalışmağımın tərəfdarıdır. Bu, onun üçün də sərfəlidir. Çünki klubda çalışmaqla daim məşq prosesində olub, yığmaya namizədlərin durumu haqda məlumatım olacaq. “İnter”in prezidenti Georgi Nikolov yığmada çalışmağımda problem görmür. Əksinə, buna görə çox sevinən prezidentimiz lazımi dəstəyi göstərməyə hazırdır. “İnter”lə mövsümün sonunda başa çatan müqavilənin müddətinin uzadılması ilə bağlı təklif alaramsa, buna çox şad olaram”.
0