ABN klubunun vitse-prezidenti: “Neftçi” ilə oyuna getməyəcəyik”
20.05.2008 - 11:46
ABN klubunun vitse-prezidenti: “Neftçi” ilə oyuna getməyəcəyik”
Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bərdənin ABN klubunun vitse-prezidenti Ədalət İbrahimov deyib. Ötən tur “Bakı” ilə öz meydanında keçirdiyi görüşdə (0:4) Premyer Liqanı tərk etməsi rəsmiləşən klubun vitse-prezidenti mayın 27-də “Neftçi” ilə Bakıda nəzərdə tutulan görüşə çıxmağı məqsədəuyğun saymır: “Oyuna yollanmamağımız nə maliyyə, nə də heyətlə bağlıdır. Sadəcə, son turdakı matçın bizim üçün heç bir əhəmiyyəti yoxdur. Onsuz da “Neftçi” ilə matçdakı nəticədən asılı olmayaraq, birinci diviziona düşməyimiz artıq dəqiqləşib. Belə olan halda, məsləhətləşib, oynamamağı qərara aldıq. AFFA rəhbərliyini matça xeyli qalmış məlumatlandırdığımızdan, bizə cərimə kəsilməyəcək. Yalnız texniki məğlubiyyət veriləcək ki, bunun da fərqi yoxdur”. Futbolçulara borclu olduqlarını təsdiqləyən Ə.İbrahimov bunun iki aydır davam etdiyini inkar edib: “Prezidentimiz İlham Ağayev artıq 5 ildir kluba təkbaşına himayədarlıq edir. Komandamızda yerli futbolçularla yanaşı, Gəncə, Mingəçevir, Bakıdan gələnlər var. Onlar arasında məşqə, oyuna çıxmayanları cəzalandıracağıq. Bununla belə, bütün futbolçulara məvaciblər müqavilənin sonunadək ödəniləcək”. Vitse-prezident yeni mövsümdə birinci divizionda oynayacaqlarını bildirib: “Onsuz da cari mövsümdə aşağı dəstədə oynamalı idik. Sadəcə, son anda güclülər dəstəsinə çıxış etməyə imkan yarandı. Əslində, hazırlıqsız güclülər dəstəsində oynamaqla böyük səhv etmişik. Bərdə futbolu gələcəkdə öz sözünü deyəcək. Hazırkı baş məşqçimiz Əli Quliyevlə əməkdaşlığı davam etdirəcəyik”.
Qeyd edək ki, ABN cari çempionatın startına iki gün qalmış güclülər dəstəsində çıxış etməkdən imtina edən İmişlinin “MKT-Araz” klubunu əvəzləyib.
0