“Neftçi” klubunun ardıcıl 8-ci dəfə mükafat qazanması rəsmiləşib
20.05.2008 - 12:09
“Neftçi” klubunun ardıcıl 8-ci dəfə mükafat qazanması rəsmiləşib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubu ardıcıl 8-ci dəfə mövsümü mükafatla bitirib. “APA-Sport” agentliyinin məlumatına görə, ABN klubunun çempionatda iştirakını dayandırmasından sonra flaqmanın Azərbaycan Premyer Liqasını 3-cü pillədə başa vurması rəsmiləşib. Bakıda keçiriləcək matça gəlməyəcəklərini açıqlayan bərdəlilər “Neftçi”nin son turda texniki qələbə qazanmasına imkan yaradıb. Bu 3 xal isə bakılıların seriyasının bu il də qırılmaması üçün kifayət edib. Belə ki, 1997/98 mövsümündə çempionatı 6-cı yerdə bitirən “Neftçi” üçün həmin uğursuzluq sonuncu olub. On ildir Premyer Liqanın ən güclü 3 komandası sırasında yer alan bakılılar bu müddətdə 2 qızıl, 2 gümüş və 4 bürünc mükafat qazanıb. Ümumilikdə, paytaxt təmsilçisi 4 dəfə birinci, 3 dəfə ikinci, 6 dəfə üçüncü olub. Ardıcıl mükafatçılar sırasında olmaqda ikinci nəticə “Şəmkir”ə məxsusdur ki, qərblilər 5 mövsüm “üçlük”dən kənar qalmamışdı.
0