Bosniya və Herseqovina yığmasının futbolçuları Azərbaycanla oyunu boykot edəcəklər
21.05.2008 - 17:31
Bosniya və Herseqovina yığmasının futbolçuları Azərbaycanla oyunu boykot edəcəklər
“APA-Sport” agentliyinin Bosniya və Herseqovina mətbuatına istinadən yaydığı məlumata görə, baş məşqçi Meho Kodronun istefasından sonra yığmaya təyin olunan Daniel Piriçin dəvət etdiyi futbolçuların yarısı Zenitsa şəhərində təşkil olunacaq qarşılaşmada iştirak etmək istəmir. Zədə, yorğunluq və şəxsi problemləri önə çəkən aparıcı oyunçular mayın 28-də “Herseqovina” otelində başlanacaq toplanışa qatılmaq niyyətindən uzaqdırlar. Bunlar qapıçı Kenan Hasagiç (“İstanbul BB”, Türkiyə), müdafiəçi Saşa Papaç (“Reyncers”, Şotlandiya), yarımmüdafiəçilər Zvezdan Misimoviç (“Volfsburq”, Almaniya), Elvir Rahimiç (MOİK, Rusiya), Miralem Pyaniç (“Lion”, Fransa) və Admir Vladaviçdir (“Jilina”, Slovakiya). Bundan başqa, daha 5 nəfərin - Edin Dzeko (“Volfsburq”, Almaniya), Safet Nadareviç (“Zaqreb”, Xorvatiya), Seyad Salihoviç (“Hoffenhaym”, Almaniya), Samir Merziç (“Teplitse”, Çexiya) və Emir Spahiçin (“Lokomotiv”, Rusiya) milli komandamızla oyuna çıxmayacaqları ehtimal olunur. D.Piriçin yığmaya çağırdığı 22 futbolçudan 11-i hələlik narazılığını büruzə verməyib.
0