Xaqani Məmmədov dünyanın ən məhsuldar hücumçularının siyahısında neçənci yerdə olacaq?
23.05.2008 - 10:55
Xaqani Məmmədov dünyanın ən məhsuldar hücumçularının siyahısında neçənci yerdə olacaq?
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “İnter” klubunun hücumçusu Xaqani Məmmədov dünyanın ən məhsuldar futbolçularının siyahısına düşmək üçün Azərbaycan Premyer Liqasının son turunda iki qol vurmalıdır. “APA-Sport” agentliyinin məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) milli çempionatların güclülər dəstəsində 20 və daha çox qol vuran oyunçuların adlarını açıqlayıb. Başa çatan 13 birinciliyin yekunlarına əsasən tərtib olunan siyahıya 33 dəfə fərqlənən Klaas Yan Huntelaar (“Ayaks”, Hollandiya) başçılıq edir. Hollandiyalının ən yaxın izləyiciləri portuqaliyalı Kriştiano Ronaldo (“Mançester Yunayted”, İngiltərə) 31, argentinalı Lisandro Lopes (“Porto”, Portuqaliya) 27 qol vurub. Azərbaycan Premyer Liqasının 25 turunda hamıdan çox 18 topa imza atan X.Məmmədov siyahıya düşməyə namizədlərdən biridir. Bunun üçün 32 yaşlı futbolçu mayın 28-də “Qəbələ” ilə “Şəfa” stadionunda keçiriləcək görüşdə “dubl”a imza atmalıdır.
Qeyd edək ki, ötən mövsümün bombardiri Zaur Ramazanov 21 qolla 20 həddini aşa bilən 52 oyunçu arasında 39-cu olmuşdu.


0