ABN klubu “Neftçi” ilə oyuna gəlmədiyi üçün 5000 manat cərimələnib
29.05.2008 - 12:08
ABN klubu “Neftçi” ilə oyuna gəlmədiyi üçün 5000 manat cərimələnib
Bakı. Mehman Süleymanov – APA-Sport. Bu gün AFFA-nın Nizam-İntizam Komitəsinin (NİK) növbəti iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, NİK Azərbaycan Premyer Liqasının son turunda “Neftçi” ilə Bakıda keçirilən oyuna gəlməyən Bərdənin ABN klubunu cəzalandırıb. Turnir cədvəlində sonuncu 14-cü pilləni tutaraq Premyer Liqanı tərk edən ABN texniki məğlubiyyət (0:3) almaqla yanaşı, 5000 manat məbləğində də cərimələnib. “Neftçi” isə aldığı texniki qələbə (3:0) ilə Premyer Liqanın cari mövsümünü 3-cü yerdə başa vurub, bürünc mükafat qazanmasını rəsmiləşdirib. NİK “Standard” klubunun kapitanı Kamal Quliyevi də cəzalandırıb. Son turda Sumqayıtın “Gənclərbirliyi” klubu ilə “Şəfa” stadionunda keçirilən görüşün 72-ci dəqiqəsində ikinci sarı vərəqəyə görə meydandan çıxarılan 32 yaşlı futbolçu bir oyunluq cəzaya və 200 manatlıq cəriməyə məruz qalıb. K.Quliyevin cəzası gələn mövsüm üçün nəzərdə tutulduğundan, o, yeni çempionatın ilk turunu buraxmalı olacaq.
Qeyd edək ki, AFFA NİK-in kəsdiyi cərimələrə əsasən, bu gün 5200 manat qazanıb.
0