“Neftçi” Ukrayna yığmasının yarımmüdafiəçisi Denis Oleyniki transfer etmək istəyir
04.06.2008 - 14:53
“Neftçi” Ukrayna yığmasının yarımmüdafiəçisi Denis Oleyniki transfer etmək istəyir
1987-ci ilin avqustun 16-da Zaporojye şəhərində anadan alan D.Oleynik 2004-cü ildən “Dinamo” klubundadır. Hücumçu mövqeyində çıxış edə bilir və 17 və 19 yaşlılardan ibarət Ukrayna yığma komandalarının şərəfini qoruyub. Olimpiya yığmasında üç oyun keçirən D.Oleynik eyni sayda qol vurub. Daha çox “Dinamo-2”də çıxış edən orta sahə oyunçusu bu komandanın heyətində Ukrayna çempionatının birinci divizionunda 48 matçda 11 dəfə fərqlənib. “Dinamo”nun əvəzedici heyətində də yer alan D.Oleynikin keçirdiyi 18 görüşdə hesabında 10 qol var. Əsas komandada ötən mövsüm 2 oyunda meydana çıxan ukraynalı cari mövsümün ilk dövrəsində icarə əsasında soydaşımız Ruslan Zeynalovla birgə “Naftofik-Ukrnafta” klubunun şərəfini qoruyub və 14 görüşdə 1 dəfə fərqlənib. “Dinamo”ya qayıdan futbolçu əsas komandada yeganə matçındaca fərqlənib. Son turda Xarkovda “Metallist”lə görüşdə fasilədən sonra meydana çıxan ukraynalı 90-cı dəqiqədə 12 metrdən vurduğu dəqiq zərbə ilə komandasını məğlubiyyətdən xilas edib – 2:2. “Dinamo”nun rusiyalı baş məşqçisi Yuri Syomin oyundan sonra D.Oleynikin çıxışından razı qaldığını bildirib: “O, özünü itirmədi və meydanda kifayət qədər yaxşı təsir bağışladı”.
Qeyd edək ki, “Neftçi” klubunun az öncə Sofiyanın “Lokomitiv” komandasından transfer etdiyi 31 yaşlı Março Dafçev də hücumameylli yarımmüdafiəçidir.
0