Türkiyə yığması Avropa çempionatına məğlubiyyətlə başlayıb
08.06.2008 - 10:29
Türkiyə yığması Avropa çempionatına məğlubiyyətlə başlayıb
İsveçrənin Bazel şəhərindəki “ST.Yakob-Park” stadionunda keçirilən açılış matçı meydan sahibləri üçün uğursuz olub. Çexiyaya qələbəni ikinci hissənin əvvəlində komandanın əsas hücumçusu, liderlərindən olan Yan Kolleri əvəzləyən Vatslav Sverkoş qazandırıb. Bununla da yığmanın baş məşqçisi Karel Brüknerin etimadını doğruldan Çexiyanın “Banik” klubunun 25 yaşlı hücumçusu cari qitə miqyaslı turnirin ilk qolunun müəllifi kimi tarixə düşüb. İsveçrə yığmasının əsas kapitanı olan Aleksandr Fray əvəzləndikdən sonra sarğını daşıyan müdafiəçi Lüdovuq Manin isə ilk sarı vərəqənin müəllifi olub. Onu cəzalandıran italiyalı hakim Roberto Rosetti oyunda hər üç sarı vərəqəni meydan sahiblərinə göstərib. Maraqlıdır ki, ardıcıl ikinci dəfədir, AÇ-nin açılış matçı meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatır. 2004-cü ildə keçirilən turnirin təşkilatçısı olan Portuqaliya həmin yarışın qalibi olan Yunanıstan yığmasına eyni hesabla məğlub olmuşdu. Braziliyalı mütəxəssisi Luis Felipe Skolarinin rəhbərlik etdiyi milli komanda bu dəfə turnirə qələbə ilə başlayıb. Portuqaliya 8 illik fasilədən sonra AÇ-nin final mərhələsində oynamaq hüququ qazanan Türkiyə yığmasını ikinci hissədə vurduğu iki qolla məğlub edib. Oyunda hesabı açan braziliyalı əsilli Pepe hələ ilk hissədə başqa vurduğu dəqiq zərbə ilə rəqib qapıçı Volkan Dəmirəli məyus edib. Ancaq görüşü idarə edən almaniyalı Herbet Fander ofsayd olduğu üçün, İspaniyanın “Real” klubunun 25 yaşlı müdafiəçisinin vurduğu qolu hesaba almayıb. Türkiyə yığmasına tarixində ilk dəfə (1996-cı ildə) AÇ-yə çıxaran Fatih Terimin çalışdırdığı milli komanda yenə uğursuz startla yadda qalıb. Qardaş ölkənin təmsilçiləri 8 il öncə Portuqaliya yığmasına məğlubiyyətin əvəzini çıxa bilməyib. Bu qrupda 2-ci turun oyunları iyunun 11-də keçiriləcək. Həmin gün Çexiya Portuqaliya (21:00), İsveçrə Türkiyə ilə görüşəcək. Qitə miqyaslı turnir isə bu gün B qrupunun oyunları ilə davam edəcək. Digər təşkilatçı ölkə olan Avstriyada mübarizəyə meydan sahiblərinin Xorvatiya (21:00), Almaniyanın Polşa ilə görüşü (23:45) ilə start veriləcək.


7 iyun
A qrupu
İsveçrə - Çexiya – 0:1

Vatslav Sverkoş, 71

Portuqaliya – Türkiyə - 2:0
Pepe, 61, Raul Meyreleş, 90+3
0