Azərbaycan çempionu “İnter” Türkiyə klubunu darmadağın edib
07.07.2008 - 12:47
Azərbaycan çempionu “İnter” Türkiyə klubunu darmadağın edib
İzmit. Mehman Süleymanov - APA-Sport. Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək Bakının “İnter” klubu Türkiyədəki hazırlıq prosesində ardıcıl dördüncü qələbəsini qazanıb. Komandanın ukraynalı baş məşqçisi Valentin Xodukinin “APA-Sport” agentliyinə verdiyi məlumata görə, bu dəfə “İsgəndurum Dəmirçəlik” klubunu 5:1 hesabı ilə məğlub ediblər: “Rəqib təlim-məşq toplanışı keçdiyimiz İzmit şəhərini təmsil edir və Türkiyə çempionatının aşağı liqasında mübarizə aparır. Komandamızın vurduğu qolların üçü Məmmədov soyadlı futbolçuların hesabına düşür. Bunlar Xaqani, Elvin və yeni transferimiz Asifdir. Qalan iki qolu kapitan Emin İmaməliyevlə uruqvaylı hücumçumuz Valter Quqlemon vurub”.
“İnter” son yoxlama oyununu Türkiyə Superliqasında çıxış edən “Konyaspor” klubu ilə keçirməli idi. V.Xodukinin sözlərinə görə, sınaqçı rəqiblə bağlı növbəti dəfə problemlə üzləşiblər: “Superliqaya qayıdan “Kocaelispor” klubu bizimlə oynamaqdan imtina etdikdən sonra “Konyaspor”la görüşümüz qüvvədə qalırdı. Hər halda, İzmitə hazırlığa gələn bu komanda ilə bağlı problemin yaranmayacağına ümid edirdik. Ancaq “Konyaspor”un rəsmiləri nəzərdə tutulan tarixdə oynaya bilməyəcəklərini dedi. Onlar bunu hazırlığa yeni başlamalı ilə əsaslandırdılar. Maraqlıdır, məgər türkiyəlilər indiyədək məşq etmirlər? Yoxsa, mən onların razılığını məcbur almışdım? Bizimlə yoxlama oyunu keçirməyə razılıqlarını verən türkiyəlilər matçların tarixlərinin onlara sərf edib-etməməyini bilməli idilər”. Ukraynalı mütəxəssis “Konyaspor”la görüşün qüvvədə qaldığını söyləyib: “Rəqibimiz yoxlama oyununu iyunun 9-da keçirməklə bağlı müraciət etdi. Bizim də həmin günə İranın “Sepahan” klubu ilə sınaq matçımız var. Futbolçuları getdikcə ağır yükləməyimiz lazım olduğundan, “Konyaspor”un təklifini qəbul etdik. 9-da səhər türkiyəlilər, axşam saatlarında isə iranlılarla görüşəcəyik. Bu iki matçla Türkiyədəki hazırlığı başa vurub, geri qayıdacağıq”.
0