“Simurq”un imtina etdiyi oyunçular Ukraynanın “Dnestr” klubuna toplaşıb
07.07.2008 - 17:45
“Simurq”un imtina etdiyi oyunçular Ukraynanın “Dnestr” klubuna toplaşıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Ukraynanın “Dnestr” klubu Zaqatalanın “Simurq” klubuna lazım olmayan üç futbolçunu heyətinə cəlb edib. “APA-Sport” agentliyinin məlumatına görə, Ukrayna çempionatının birinci dəstəsində çıxış edən Ovidiupol təmsilçisi Ruslan Kaçur, Aleksandr Qrebenyuk və Roman Poltavetslə güclənmək niyyətindədir. Bu üç futbolçunu hələ yanvar ayında baxışa dəvət edən “Simurq” yalnız 26 yaşlı R.Kaçurun transferini reallaşdırmışdı. Ötən ay zaqatalalıların imtina etdiyi yarımmüdafiəçi digər iki həmyerlisi ilə “Dnestr”in düşərgəsindədir. Moldovada təlim-məşq toplanışında olan ukraynalıların yerli “Akademik”lə yoxlama matçındakı qələbəsində də “Simurq”un bəyənmədiyi oyunçuların rolu olub. Ölkəmizdə baxışdan keçə bilməyən A.Qrebenyuk iki qol vuraraq 3:0 hesablı qələbədə pay sahibi olub.
Qeyd edək ki, R.Kaçur “Simurq”un heyətində bu il keçirdiyi 7 matçda bir qol vurub.
0