Sergey Sokolov “Simurq”da qol vurub
08.07.2008 - 09:01
Sergey Sokolov “Simurq”da qol vurub
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Gürcüstanda təlim-məşq toplanışında olan Zaqatalanın “Simurq” klubu ikinci yoxlama matçını keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, ukraynalı baş məşqçi Roman Pokoranın yetirmələri Rustavinin “Olimpi” klubuna məğlub olub – 1:2. Mütəxəssis bu dəfə də sərəncamında olan bütün futbolçulara şans verib ki, komandanın yeganə qolunu da yeni transfer Sergey Sokolov vurub. Komandada qol hesabını açan rusiyalı ilə yanaşı, son klubu “Olimpi” olan Mixail Maxviladze də keçmiş komanda yoldaşlarına qarşı ilk oyununa çıxıb. Bu iki gün əvvəl Qaqra “Dinamo”sunu 3:2 hesabı ilə məğlub edən “Simurq”un Gürcüstanda ilk məğlubiyyəti olub. İyulun 10-da yenidən “Olimpi” ilə görüşəcək R.Pokoranın yetirmələrinin 2008/09 mövsümündən ev oyunlarını Zaqatala stadionunda keçirəcəyi də dəqiqləşib. Klub rəhbərliyi AFFA-nın Yarışların Təşkili və Keçirilməsi Departamentinə göndərilən müvafiq məktubda 4 min azarkeş tutan, süni örtüklü meydançası standartlara tam cavab verən və “Simurq” adını daşıyan stadionun adını göstərib.
Qeyd edək ki, indiyədək rəqiblərini Qax şəhər stadionunda qəbul edən “Simurq” ehtiyat variant kimi bu arenanın adını göstərib. Klubun əvəzedicilərdən ibarət komandası da bu meydanda çıxış edəcək.
0