“Xəzər-Lənkəran” klubunun UEFA kubokundakı rəqibi top problemi ilə üzləşib
08.07.2008 - 11:24
“Xəzər-Lənkəran” klubunun UEFA kubokundakı rəqibi top problemi ilə üzləşib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Xəzər-Lənkəran” klubunun UEFA kubokunda rəqibi “Lex” problemlə üzləşib. “APA-Sport” agentliyinin məlumatına görə, Polşa təmsilçisinin rəhbərliyi Bakıda keçiriləcək qarşılaşmanın “Europass” topları ilə oynanılacağı haqda məlumatı ələ keçirib və bundan çox məyus olub. Belə ki, Avstriyadakı hazırlığı Polşa çempionatında istifadə olunan “Puma 1,08 V” topları ilə məşq edən “Lex” rəsmiləri bu fərqin təsir qüvvəsindən çəkinir. Artıq komandanın meneceri Lukaş Moulikə yeni toplar almaq tapşırığı da verilib: “2008-ci il Avropa çempionatı üçün hazırlanan topları almaq haqda qərarı mənə məşqçilər bildirdi. Azərbaycanlılarla səfərdə layiqli oyun göstərmək üçün bu zəruridir. Rəqibin iki oyununa baxmışam, onlar “Europass” topu ilə məşq edirlər. Xüsusilə qapıçılarımız yeni topa uyğunlaşmalıdır”. “Lex” klubunun əsas qapıçısı Krjiştof Kotorovski də topa görə narahatdır: “Etiraf edim ki, bu topla oynamaq qat-qat çətindir. Daha sürətli olan topu tutmaq bizim işimizə problemlər yaradır. Düşünürəm ki, bir neçə günə bu topa da uyğunlaşa bilərəm”.
Qeyd edək ki, “Xəzər-Lənkəran” – “Lex” oyunu iyulun 17-də keçiriləcək.
0