“Voyvodina” klubunun baş məşqçisi Tiflisdə “Olimpik”in oyununu izləyəcək
08.07.2008 - 14:20
“Voyvodina” klubunun baş məşqçisi Tiflisdə “Olimpik”in oyununu izləyəcək
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Serbiyanın “Voyvodina” klubunun baş məşqçisi Draqolyub Bekvalaç Gürcüstanda “Olimpik” komandasının oyununu izləyəcək. “APA-Sport” agentliyinin məlumatına görə, bakılıların iyulun 10-da Tiflisdə yerli “Ameri” ilə keçirəcəyi qarşılaşmada D.Bekvalaç da iştirak edəcək. UEFA kubokunun birinci təsnifat mərhələsində “Olimpik”in rəqibi olan Novi Sad təmsilçisinin rəhbərliyi bu addımı zəruri hesab edir. Təlim məşq toplanışını bitirən “Voyvodina”nın idman direktoru Svetko Ridoşiç baş məşqçinin Gürcüstana ezam olunmasını məcburiyyətdən doğduğunu bildirib: “Bizim komanda kimi, “Olimpik” də heyətini yenidən formalaşdırır. Ciddi dəyişikliklərdən sonra qurulan komanda indi hazır olub. Bu səbəbdən “Olimpik”in ötən mövsüm keçirdiyi oyunların kasetini izləməyin mənası yoxdur. Belə olan halda, həmin kasetləri əldə etməyə də dəyməz. Bekvalaçın Serbiyanı tərk edib rəqibin oyununu canlı izləməsi daha məqsədə uyğundur. Bilirik ki, onlar bu həftə son yoxlama matçını keçirir. Baş məşqçimiz də həmin oyunu izləməyə gedəcək”.
0