Natiq Əliyev: “18-20 futbolçu müxtəlif səbəblərlə həqiqi hərbi xidmətdən yayınır”
08.07.2008 - 14:24
Natiq Əliyev: “18-20 futbolçu müxtəlif səbəblərlə həqiqi hərbi xidmətdən yayınır”
O, qarşıya Premyer Liqada ilk 7 pillədən birini tutmaq vəzifəsi qoyulduğunu bildirib: “Qəhrəman Əliyevə və məşqçilər korpusuna uğurlar arzulayıram. Məqsədimiz Premyer Liqanı ilk “yeddilik”də başa vurmaqdır. Ümidvaram ki, MOİK-in çıxışı həm Azərbaycan Silahlı Qüvvələrinin, həm də azarkeşlərin sevincinə səbəb olacaq”. Klubda aparılan təmir işlərinə toxunan N.Əliyev vurğulayıb ki, Ordu stadionu təxminən yarım ildən sonra istifadəyə veriləcək: “Növbəti çempionatda komandamız “Şəfa” stadionunda oynayacaq. Çünki Ordu stadionunda intensiv təmir işləri gedir. Bəlkə də bu, Bakıda ən səviyyəli stadion olacaq. Həmçinin, əlavə məşq meydançaları istifadəyə veriləcək. İlkin variantda tribunanın tutumu 3 min nəfərlikdir”. MOİK rəisi bəzi futbolçuların həqiqi hərbi xidmətdən yayındığını söyləyib. Onun sözlərinə görə, yaxın vaxtlarda vətəndaşlıq borcunu yerinə yetirməkdən yayınan bir neçə futbolçu əsgərliyə aparılacaq: “Həqiqi hərbi xidmətdən yayınan 18-20 futbolçudan ibarət siyahı hazırlayaraq, müvafiq orqanlara göndərmişik. MOİK hərbi xidmətə çağırışla məşğul olmur. Əgər futbolçunun əsgərlik yaşı çatıbsa, vətəndaşlıq borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanmalıdır. Sonra zərurət yarandıqda həmin oyunçular komandamızın heyətinə daxil edilirlər. Ancaq illər boyu MOİK-dən bu və ya digər üsullarla yayınan futbolçular var. Biz onların dalınca qaçmayacağıq”. N.Əliyev MOİK-ə sponsor tapıldığını bildirsə də, konkret adın tezliklə açıqlanacağını deyib.
Qeyd edək ki, 2007/08 mövsümündə birinci divizionda ikinci yeri tutan MOİK Premyer Liqanın debütantı sayılır.


0