Tofiq Bəhramov adına Respublika stadionunun yeni tablosu tam quraşdırılıb
31.07.2008 - 14:33
Tofiq Bəhramov adına Respublika stadionunun yeni tablosu tam quraşdırılıb
Bakı. Elşən Məmmədov - APA-Sport. Tofiq Bəhramov adına Respublika stadionunun yeni tablosu tam quraşdırılıb. Bu haqda “APA-Sport” agentliyinə mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib. Onun sözlərinə görə, tablonun Azərbaycan vitse-çempionu “Olimpik”lə Serbiyanın “Voyvodina” klubları arasında keçiriləcək UEFA kubokunun ilkin təsnifat mərhələsinin cavab görüşündə işə salınması qitə futbol qurumu nümayəndəsinin razılığından asılıdır: “Əvvəlki tablo ilə indiki arasında böyük fərq var. Yeni tabloda hətta stadionda keçirilən oyunu canlı izləmək imkanları var. Ona görə də UEFA tablonu qəbul etməsə, biz beynəlxalq oyun zamanı onu işə sala bilmərik. İstəyirik ki, bu gün keçiriləcək “Olimpik” – “Voyvodina” matçında yeniliyi tətbiq edək. Bu məqsədlə oyuna göndərilən maltalı UEFA nümayəndəsi Qaetano Di Qabrieledən razılıq almaq niyyətindəyik. Hər şeyə oyunöncəsi aydınlıq gələcək”. A.İsmayılov hazırda Gənclər və İdman Nazirliyi və AFFA rəhbərliyinin yeni tablonun bu gün işə salınmasına nail olmaq üçün çalışdıqlarını vurğulayıb.
Qeyd edək ki, “Olimpik” – “Voyvodina” qarşılaşması bu gün Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.
0