Georgi Nikolov: “Çox istərdim ki, “Barselona” ilə görüşək”
31.07.2008 - 16:07
Georgi Nikolov: “Çox istərdim ki, “Barselona” ilə görüşək”
Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “İnter” klubunun prezidenti Georgi Nikolov deyib. İngiltərə təmsilçiləri ilə qarşılaşmaq istəmədiyini söyləyən G.Nikolovun sözlərinə görə, rəqib İspaniya klubu olsa daha yaxşıdır: “Çünki İngiltərə klublarına azarkeşlik edirəm. Onlar meydanda sonadək mübariz aparmaları ilə baxımlı futbol nümayiş etdirirlər. Potensial rəqiblərimiz arasında “Yuventus” və “Fiorentina” kimi klublar olsa da, İtaliya futbolundan xoşum gəlmir. Çox istərdim ki, “Barselona” ilə görüşək. Bildiyimə görə, Madridin “Atletiko”dan fərqli, Kataloniya təmsilçisi potensial rəqiblərimiz sırasındadır. “Barselona” ilə düşmək Azərbaycan azarkeşləri üçün böyük bir futbol bayramı olardı. Təbii ki, futbol həm də biznes olduğundan, belə komandalarla görüşmək kommersiya baxımından da sərfəlidir. Burada söhbət teleyayım, reklam kimi məsələlərdən gedir. Ancaq gəlin hadisələri qabaqlamayaq. Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin iştirakçısı olmağımız üçün hələ “Partizan” səddini keçmək lazımdır. Biz də avqustun 6-da Belqradda keçiriləcək cavab görüşündə buna nail olmağa çalışacağıq”.
Qeyd edək ki, “İnter” və “Partizan” arasında Bakıda keçirilən oyun 1:1 hesabı ilə nəticələnib.
0