Anatoli Demyanenko Joze Karlosu əvəzedici heyətə göndərəcək
31.07.2008 - 17:51
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” braziliyalı hücumçusu Joze Karlosu cəzalandıracaq. Komandanın ukraynalı baş məşqçisi Anatoli Demyanenko “APA-Sport” agentliyinə açıqlamasında 20 yaşlı futbolçu ilə bağlı ciddi ölçü götürüləcəyini bildirib: “Karlos hələ də Bakıya gəlməyib. Halbuki, onun hələ “Jerminal”la Bakıdakı cavab oyununa qədər geri qayıtması nəzərdə tutulmuşdu. Ancaq Joze heç “Vaslui” ilə hər iki matçda da iştirak etmədi. Karlosun vətənində pasport, yaxud hərbi xidmətlə bağlı məsələsini həlli ilə məşğul olduğunu dəqiq bilmirik. Futbolçunun özü ilə əlaqə saxlamaq mümkün olmur. Çünki Joze zənglərimizə cavab vermir”. Braziliyalı futbolçuları yaxşı tanıyan A.Demyanenkonun sözlərinə görə, onlarda ərköyünlük, peşəkarlığa yaraşmayan hərəkətlər müşahidə olunur: “Kiyevin “Dinamo” klubunda işlədiyim vaxtda braziliyalılarla bağlı problemlərlə üzləşmişəm. Onları etdikləri hərəkətlərin müqabilində böyük məbləğdə cərimələmişəm. Karlos da cəzasız qalmayacaq. Onu əvəzedici heyətə göndərəcəyəm. Qoy gedib, orada oynasın, əsas komandaya düşmək üçün çox çalışsın. Futbolçu səhvinə görə cəzasını almalıdır”.
0
0