Əmrah Çəlikəl: “Məqsədimiz Rasim Karanın Azərbaycandakı fəaliyyətinə qadağa qoymaqdır”
04.08.2008 - 15:14
Əmrah Çəlikəl: “Məqsədimiz Rasim Karanın Azərbaycandakı fəaliyyətinə qadağa qoymaqdır”
Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Ağdamın “Qarabağ” klubunun baş direktoru Əmrah Çəlikəl deyib. Onun sözlərinə görə, “Xəzər-Lənkəran”ın sükanı arxasına keçən həmyerlisi Rasim Karanın dedikləri bəhanədir: “Karanın bəhanə gətirməklə, düzgün iş görmür. Biz infrastrukturla bağlı planlarımızı baş məşqçi ilə bağlamışdıq. Ancaq Karanın bu hərəkətindən sonra düzgün iş görmədiyimizi görürük. İştirak ərizəmizdə komandanın baş məşqçisi kimi Rasim Karanın adını göstərmişik. Onun bizimlə müqaviləsi olduğu halda, necə “Xəzər-Lənkəran”ın baş məşqçisi kimi işləyə bilər? Kara Lənkəran klubuna köməkçilərini də aparıb ki, onlar da müqavilə ilə bizə bağlı olub, adlarını sifariş etmişik. Belə olan halda, onların da başqa klubda çalışması qanunsuzdur. Necə ola bilər ki, Kara seleksiya işini görür, heyəti qurur və bir həftə qalmış komandanı atıb rəqib düşərgəsinə keçməklə, bizi pis vəziyyətdə qoyur. Bununla da “Xəzər-Lənkəran”la oyun öncəsi biz sanki hesabda 0:3 geridə düşürük”. Baş direktor R.Karanın “Xəzər-Lənkəran”ın baş məşqçi postuna təyinatı rəsmiləşəndən sonra artıq əməli addım atdıqlarını söyləyib: “AFFA-ya, Peşəkar Futbol Liqasına yazılı şəkildə şikayət etmişik. UEFA və FİFA-ya da göndərilən müraciətlərdə bizə dəyən mənəvi zərərin qarşılığın ödənilməsini tələb etdiyimizi göstərmişik. Bu məsələdə maddi baxımdan itkimiz olmayıb. Aldığımız mənəvi zərər isə pulla ölçülə bilməz. Hər halda, Kara cərimələnməlidir. Onun komandamıza qayıtması qeyri-mümkündür. Məqsədimiz Karanın cəzalanmasına, cərimələnməyinə, Azərbaycanda çalışmasına qadağa qoyulmasına nail olmaqdır. Axı belə hərəkət edən məşqçi futbolçulara nə öyrədə bilər? Futbolçular ondan nə ibrət dərsi götürə bilər? Qoy gedib Azərbaycandan kənarda, Türkiyədə çalışsın”. Ə.Çəlikəl baş məşqçi məsələsinə bu həftə tam aydınlıq gələcəyini söyləyib: “Hazırda bu vəzifəni icra edən keçmiş futbolçumuz Müşfiq Hüseynova sonadək güvənəcəyik. Danışıqlar apardığımız Qurban Qurbanovun təyinatı hələ rəsmiləşməyib. Baş məşqçi postuna Türkiyədən də namizədlər var. Karanın belə hərəkətini digər türkiyəli məşqçilərə aid etmək olmaz”.
Qeyd edək ki, R.Kara son il yarımda “Qarabağ” klubunu çalışdırıb.
0