Georgi Nikolov: “A seriyasında və Primeroda çıxış edən hücumçularla danışıqlar aparırıq”
07.08.2008 - 18:05
Georgi Nikolov: “A seriyasında və Primeroda çıxış edən hücumçularla danışıqlar aparırıq”
“Hələ mövsüm bitəndən sonra hücumçu axtarışındayıq. Çempionlar Liqası oyunlarına qədər yeni forvard transfer etməyə çox çalışsaq da, buna nail ola bilmədik. Bu azmış kimi, uruqvaylı Roman Quello da az öncə cərrahiyyə əməliyyatı olundu və uzun müddətə sıradan çıxdı. İki hücumçu transfer etməklə, bu məsələyə son qoymaq fikrindəyik. Onların hər ikisi serbiyalıdır və bizə menecerlər tərəfindən təklif olunub”. G.Nikolovun sözlərinə görə, transfer etmək istədikləri hücumçular yüksək çempionatlarda çıxış edirlər: “Onlar İtaliya və İspaniyanın yüksək liqasında oynayırlar. Yəni, onlardan biri A seriyası, digəri isə Primeronun iştirakçısıdır”.
Maraqlandıqları serbiyalı hücumçuların adlarını açıqlamaq istəməyən “İnter”in prezidenti bildirib ki, transferin maliyyə tərəfindən narahat deyil: “Həmin hücumçuları almağa imkanımız çatar. Hər halda, söhbətləşdiyim sponsorlarımızdan yeni transferlərlə bağlı lazımi maliyyə vəsaitinin ayrılacağı cavabını almışam”. G.Nikolov serbiyalıların birbaşa müqaviləyə gəlməsinin nəzərdə tutulduğunu söyləyib: “Sözsüz ki, belə çempionların iştirakçısı olan futbolçular baxışa gəlməzlər. İspaniyada oynayan hücumçunun transferinin detallarını hələ tam nəzərdən keçirməmişəm. Ancaq İtaliyada çıxış edən serbiyalı ilə bağlı deyə bilərəm ki, onun klubla müqaviləsi başa çatıb və “İnter”ə sərbəst futbolçu kimi gələcək”.
0