NBC klubunun ev stadionunun açılışı sentyabrda olacaq
13.08.2008 - 18:25
NBC klubunun ev stadionunun açılışı sentyabrda olacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan Premyer Liqasının debütantı Salyanın NBC klubu ev oyunlarını yenə Bakıda keçirəcək. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən komandanın icraçı-direktoru Fizuli Əliyevin sözlərinə görə, Salyandakı stadionun açılışı ən yaxşı halda bir aydan sonra olacaq: “Stadionumuz Salyanın Olimpiya Kompleksinin ərazisindədir. Bu kompleksin rəsmi açılış mərasimi keçirildikdən sonra ev oyunlarımızı öz arenamızda keçirə biləcəyik. Bunun sentyabrın sonunadək reallaşacağı gözlənilir. Salyanın digər stadionunda isə yenidənqurma işləri davam etdiyindən, rəqiblərimizi orada da qəbul edə bilmirik”. 2008/09 mövsümün startında səfərdə “Qəbələ”yə uduzan (1:4) NBC avqustun 17-də növbəti tur çərçivəsində “Simurq”la qarşılaşacaq. F.Əliyev rəqib komandanı Zabrat qəsəbə stadionunda qəbul edəcəklərini söyləyib: “Bu arenada qarşıdakı üç oyunu keçirməyi razılaşdırmışıq. “Simurq”la oyuna Buzovnada hazırlaşırıq və ora Zabratdan elə də uzaqda deyil. Buzovnadakı stadion Premyer Liqa oyunları üçün yararlı deyil. Orada əvəzedici komandamız çıxış edəcək. Ev oyunlarımızı Sumqayıtın Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirmək variantı olsa da, məsafənin uzaqlığına görə imtina etdik”. NBC-nin rəsmisi heyəti gücləndirmək yönündə çalışmalarını davam etdirəcəklərini söyləyib: “Tanınan bir neçə yerli futbolçunu transfer etmək fikrindəyik. Onların adlarını açıqlamaq istəmirəm. Rusiya, Moldova və Braziliyadan da futbolçular baxışa gələcəklər. “Qəbələ”nin sabiq legioneri Bokunqu Fiston də bizə təklif olunub. Bu oyunçular arasından ikisini seçəcəyik”.
Qeyd edək ki, NBC ötən mövsüm birinci divizionda oynayarkən doğma stadionda yenidənqurma işləri aparıldığından ev matçlarını Bakıda keçirib.
0