Qurban Qurbanov: “Olimpik”lə oyunda yenə qələbə qazanmağa çalışacağıq”
15.08.2008 - 14:51
Qurban Qurbanov: “Olimpik”lə oyunda yenə qələbə qazanmağa çalışacağıq”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Qarabağ”ın ötən mövsüm “Olimpik”i çempionluqdan məhrum etdiyini yaxşı bilirik. Ancaq inanmıram ki, rəqibimiz bu səbəbdən bizimlə oyuna fərqli yanaşsın. Çünki “Olimpik” bütün komandalara qarşı belə yüksək səviyyədə köklənir”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib. 36 yaşlı çalışdırıcı sabah Azərbaycan Premyer Liqasının ikinci turu çərçivəsində “Olimpik”lə oyundan qələbə gözlədiyini vurğulayıb: “Qarşıdakı matça çox yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, ilk turda olduğu kimi, yenə qələbə qazanaq. Azərbaycan çempionatında çıxış etmək gündən-günə çətinləşir. Bu da komandaların oyun sistemlərinin dəyişməsi ilə bağlıdır. “Olimpik” ötən mövsümlə müqayisədə müsbətə doğru dəyişib. Əsas fərq heyətdəki oyunçularla bağlıdır. Yay fasiləsində bakılılar ustalıq səviyyəsi daha yüksək olan futbolçuları heyətə cəlb ediblər”.
Qeyd edək ki, sabah Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək “Qarabağ” - “Olimpik” oyunu saat 18:00-da start götürəcək.
0