Pilot komanda
29.08.2008 - 16:41
Pilot komanda
“İdmanın şahı” olan futbolda bazanın əhəmiyyəti, önəmliliyi hamıya məlumdur. Bu yazımda bazanın formalaşmasında, həvəskar futbolçuların peşəkara çevrilməsində pilot komandanın vacibliyindən söz açacağam.
“Pilot komanda” anlayışı Avropada tez-tez işlənsə də, Azərbaycan futbolu üçün yaddır. Əslində, qitənin müxtəlif milli çempionatlarında, o cümlədən Türkiyə Superliqasında mübarizə aparan klublar aşağı liqalarda özlərinə yardımçı komanda saxlayırlar. Kömək məqsədilə aşağı divizionlarda yarışan belə kollektivlərə “pilot komandalar” deyirlər.
Adətən futbol məktəbində hazırlanan 18-20 yaşlı oyunçular əsas komandada rəqabətə tab gətirə bilmirlər. Onları fiziki, texniki, taktiki və psixoloji cəhətdən daha yaxşı hazırlaşmaq üçün aşağı liqadakı pilot komandalara göndərilirlər. Bu zaman əsas məqsəd həmin futbolçuların 1-2 mövsüm ərzində təcrübə qazanaraq, peşəkarlaşması olur. Bu, futbol sektorunda son illərdəki müsbət irəliləyişlərdən biridir. Sözügedən taktikanın dünyanın bütün çempionatlarında həyata keçirilməsi vacibdir. Belə olan halda, həm pilot komandalar maddi cəhətdən qazanar, həm də əsas klubların futbolçu almaq prosesi asanlaşır.
Pilot komandanın daha bir müsbət cəhəti isə futbolçuların öz şəhərlərində yaşamalarıdır. Çünki pilot komanda məhz öz şəhərinin əsas klubunu təmsil edir. Çempionatda fasilələr yarandığı zaman əsas komandaların üzvləri formalarını itirməməyə çalışırlar. Belə vaxtlarda pilot komanda köməyə çatır. Bu komandalar arasında yoxlama matçı keçirilir, nəticədə tərəflərin hər ikisi oyun baxımından qazanır.
İstedadlı futbolçunu itirmək istəməyən və ya futbolçulardan qazanc əldə etmək istəyən klublar bu taktikanı inkişaf etdirməyə məcburdurlar. Məsələ burasındadır ki, transfer siyasətində belə incə məqamlara böyük diqqət yetirilir: klub neçə oyunçu ilə müqavilə bağladı, pilot komandaya neçə futbolçu icarəyə verildi və s.
Türkiyə futbolunun “nəhəng” klubları – “Fənərbaxça”, “Qalatasaray”, “Beşiktaş”, və “Trabzonspor” bu taktikadan çoxdan yararlanıblar. “Qalatasaray” “Bəylərbəyispor”la, “Fənərbaxça” “Maltəpəspor” və “Qartalspor”la, “Beşiktaş” “İstanbulspor”la, “Tranzonspor” “Qaradənizspor”la anlaşaraq, pilot komanda qurub. Bu razılaşmanın müsbət tərəfləri həddən artıq çoxdur.
Gələcəkdə qarşımıza çıxacaq ulduzlar, karyerasını Avropanın güclü klublarında davam etdirəcək futbolçulara indi pilot komandalarda rast gəlmək mümkündür. Həm futbolçu yetişdirmək, həm də maliyyə cəhətdən qazanmaq üçün bu mexanizm digər klublar tərəfindən mənimsənməlidir. Əks təqdirdə, uğur əldə etmək xəyal olaraq qalacaq.


0