Berti Foqts Olimpiya mükafatçısını özünə köməkçi götürdü
03.09.2008 - 15:27
Berti Foqts Olimpiya mükafatçısını özünə köməkçi götürdü
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Almaniyalı Olaf Yansen Azərbaycan milli komandasının məşqçisi təyin olunub. “APA-Sport” agentliyinin məlumatına görə, 42 yaşlı çalışdırıcı yığmanın baş məşqçisi Berti Foqtsun birinci köməkçisi kimi çalışacaq. Futbolçu kimi ilk addımlarını “Hülser”, “Bayer” (Yurdingen) klublarında atan O.Yansen peşəkar karyerasını “Köln”də başlayıb. Tomas Xessler və Pyer Littbarski ilə çiyin-çiyinə çıxış edən O.Yansen 1985-1996-cı illərdə bu komandanın şərəfini qoruyub. Bu müddətdə UEFA və Almaniya kubokunun finalçısı, iki dəfə Almaniyanın vitse-çempionu olan O.Yansen karyerasını “Ayntraxt”da (1996-2000) bitirib. Bundesliqada 209 matç (16 qol) keçirən O.Yansen Almaniyanın Olimpiya yığmasında 3, 21 yaşlılardan ibarət komandasında 1 matç keçirib. O 1988-ci ildə Seul Olimpiadasında bürünc medal qazanıb. 2000-01-ci illərdə Frankfurt təmsilçisində skaut kimi çalışan mütəxəssis 2003-04-cü illərdə “Münhen-1860” klubunda baş məşqçi olub. Klub onun rəhbərliyi altında bundesliqanı 17-ci yerin sahibi kimi tərk edib. 2005-ci ildən bu ilin martınadək futbol funksioneri kimi çalışan O.Yansen “Rot Vays” (Essen) klubunun idman direktoru olub.
Qeyd edək ki, O.Yansenin sələfi olan H.Y.Gede “Neftçi” klubunun baş məşqçisi təyin olunduğundan bu post bir neçə günlük boş qalmışdı.
0