Uels yığmasının bombardiri Azərbaycanla oyunu buraxacaq
04.09.2008 - 12:43
Uels yığmasının bombardiri Azərbaycanla oyunu buraxacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan futbol yığmasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk oyunda qarşılaşacağı Uels millisi ciddi itki ilə üzləşib. “APA-Sport” agentliyinin məlumatına görə, uelslilərin baş məşqçisi Con Toşak sentyabrın 6-da milli komandamızla Kardiffin “Millenium” stadionundakı görüşdə əsas heyət oyunçularından olan Ceyson Kumasın xidmətindən yararlana bilməyəcək. İngiltərənin “Uiqan” klubunda çıxış edən yarımmüdafiəçi Premyer Liqanın 3-cü turunda “Hull” ilə görüşdə dabanından zədə alıb.
J.Toşak Britaniya mətbuatına açıqlamasında orta sahə oyunçusunun durumu ilə bağlı bunları deyib: “Cümə axşamınadək Ceysonun məşq edə bilməyəcəyi dəqiqdir. Bundan sonrasına isə baxacağıq. Biz dua edirik ki, Kumasın vəziyyəti yaxşılaşsın. O, yığma üçün çox lazımlı futbolçudur”.
C.Kumasla yanaşı, hücumçular Kreyq Bellami və Freddi İstvud da milli komandamızla oyunda iştirak etməyəcək. C.Toşak bu iki əsas hücumçu və ehtiyatda qalan Robert İrnşounun yoxluğunda Azərbaycana qarşı hücumda “Mançester Siti”nin gənc forvardı Çed Evansı oynadacaq.
Qeyd edək ki, vaxtilə Azərbaycana qarşı oynayan J.Kumas Uels yığmasının heyətində keçirdiyi son 12 görüşdə 9 qol vurmaqla, bombardir hesab olunur.
0