Fərhad Vəliyev: “Kardiffdə ən pis halda, heç-heçəyə ümid edirik”
04.09.2008 - 15:04
Fərhad Vəliyev: “Kardiffdə ən pis halda, heç-heçəyə ümid edirik”
Ağdamın “Qarabağ” klubunun heyətində son turlarda səhvləri ilə yadda qalan 28 yaşlı qapıçı buna görə ruhdan düşmür: “Əsas odur ki, səhvləri təhlil edib, bundan nəticə çıxarasan”. Uelslə rəsmi oyun öncəsi problemlərin olmadığını deyən F.Vəliyev əsas heyətdə yerini qoruya biləcəyi ilə bağlı nikbin danışıb: “Əlbəttə, qapını kimin qoruyacağı ilə seçim baş məşqçiyə məxsusdur. Berti Foqts məni meydana buraxmaya da bilər. Hər halda, almaniyalı mütəxəssisin yenə mənə güvənəcəyini inanıram. Mən də onun ümidini doğrultmağa hazıram. Baxmayaraq ki, yüngül zədəm var”.
Son iki ildə milli komandamızın əsas qapıçısı olan F.Vəliyev Uels yığmasına qarşı ilk dəfə çıxış edəcək. O, 2010-cu il dünya çempionatının seçmə mərhələsinə qələbə ilə başlamağımızı real sayır: “Foqtsun gəlişindən sonra yığmamızın oyun səviyyəsi qalxıb və bunun davamlı olacağını düşünürəm. Sözsüz ki, İranla yoldaşlıq görüşündə etdiyimiz səhvləri Kardiffdə təkrarlamalıyıq. “Millenium” stadionundakı ab-hava, rəqibin güclü azarkeş dəstəyinə malik olması də bizi çəkindirmir. Uelslə oyunda işimiz daha çox olacaq. Rəqibin oyunu izləyib, təhlil etmişik. Britaniya oyun üslubuna malik uelslilər xüsusilə cinah ötürmələrində, hava mübarizələrində təhlükəlidir. Çıxışda səhvsiz oynamaq lazımdır. Uelsə qələbə dalınca yollanırıq. Seçmə mərhələyə xalla başlamaq fikrindəyik. Kardiffdə ən pis halda, heç-heçəyə ümidliyik”.
0