Şahin Diniyev uğurun yolunu göstərdi
04.09.2008 - 15:24
Şahin Diniyev uğurun yolunu göstərdi
Bakı. Aqşin Əliyev - APA-Sport. “Futbolçularımız Uelslə oyunda meydançanın hər bir qarışı uğrunda mübarizə aparacaqları təqdirdə, uğur qazana bilərlər. Fikrimcə, səfərdən bir xal gətirmək mümkündür”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycan futbol yığmasının sabiq baş məşqçisi Şahin Diniyev deyib. 42 yaşlı çalışdırıcı bildirib ki, dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində uelslilərlə görüşdə rəqibin problemlərindən yararlanmaq lazımdır: “Rəqibin əsas oyunçuları bizə qarşı forma geyinməyəcəklər. Məhz heyətlə bağlı problemi diqqətdə saxlayıb, bundan öz xeyrimizə yararlanmalıyıq”. Ş. Diniyev, həmçinin qələbə istəyinin yığmamıza uğur gətirə biləcəyini vurğulayıb: “Onsuz da fiziki, texniki və taktiki baxımdan Uelsdən geri qalırıq. Belə olan halda, futbolçularımız istək, əzmkarlıq sayəsində rəqibi üstələyə bilərlər”.
Qeyd edək ki, indiyədək milli komandamız Uelslə səfərdə keçirdiyi hər iki oyunda məğlubiyyətlə üzləşib (0:4; 0:2). Yığmamızın britaniyalılarla növbəti matçı sentyabrın 6-da Kardiffin “Millenium” stadionunda baş tutacaq.
0