Fatih Terim “beş”ləri qoşalaşdırdı
04.09.2008 - 15:59
Fatih Terim “beş”ləri qoşalaşdırdı
Bakı - APA-Sport. Türkiyədə Ermənistan futbol yığmasına qarşı keçiriləcək matç gündəmi zəbt etdiyi bir vaxtda, milli komandanın baş məşqçisi Fatih Terim yubileyini qeyd edir. “APA-Sport” agentliyinin məlumatına görə, bu gün “İmperator” ləqəbli məşqçinin 55 yaşı tamam olur. 1953-cü ildə Adana şəhərində anadan olmuş F. Terim peşəkar futbolçu karyerasına 16 yaşında yerli “Adana Demirspor”da başlayıb. Daha sonra “Qalatasaray”a keçərək, 11 il bu komandanın şərəfini qoruyub. Müdafiəçi mövqeyində oynamış F. Terim 32 yaşında butslarını mismardan asıb. O, 1987-ci ildə “Ankaragücü”ndə məşqçilik fəaliyyətinə start verib. F. Terimin məşqçi kimi əsas uğurları “Qalatasaray”la bağlıdır. “İmperator” 1996-2000-ci illərdə “Cim-Bom”a ardıcıl 4 dəfə Türkiyə çempionu titulunu, 2 dəfə Türkiyə kubokunu, 1 dəfə Prezident Kubokunu, 3 dəfə Türkiyə İdman Yazarları Dərnəyi Kubokunu və nəhayət, UEFA kubokunu qazanıb. F. Terim UEFA kubokuna yiyələndikdən sonra “Fiorentina”nın cəlbedici təklifini qəbul edərək, İtaliyaya üz tutub. Ancaq çalışdırıcı nə “Fiorentina”, nə də “Milan”da uğur qazanıb. O, fasilələrlə 6 ildir Türkiyə milli komandasına başçılıq edir. F. Terim bu ilin iyununda keçirilmiş Avropa çempionatında Türkiyə yığmasına bürünc medal qazandırıb.
0