Aleksandr Çertoqanov: “Uels yığmasının itkiləri o qədər də nəzərə çarpmır”
04.09.2008 - 17:07
Aleksandr Çertoqanov: “Uels yığmasının itkiləri o qədər də nəzərə çarpmır”
“Neftçi”nin şərəfini qoruyan ukraynalı futbolçunun sözlərinə görə, yığmamızın almaniyalı baş məşqçisi Berti Foqts onu məcburiyyətdən heyətdən kənarlaşdırıb: “Zədəmi sağaltdıqdan sonra hazırlığa cəlb olunsam da, yenə problemlə üzləşdim. Bu dəfə soyuqladım və hərarətim 37 dərəcədən yuxarı idi. Buna görə də Uelsə aparılan heyətdən kənarlaşdırıldım. Hər halda, artıq növbəti oyunda meydana çıxa biləcəyəm. Belə ki, sentyabrın 10-da Lixtenşteynlə oyunadək Bakıda qalıb, bundan sonra “Neftçi”nin Türkiyədəki hazırlığına qoşulacağam”. B.Foqtsun milli komandamızın sükanı arxasına keçəndən sonra yalnız bir oyunda meydana çıxan A.Çertoqanov bundan üzülmədiyini deyib: “Foqts işini bilən mütəxəssisdir və o, Azərbaycan yığmasının baş məşqçisi kimi inkişafa nail olmaq istəyir. Hər şey ilk növbədə özümdən asılıdır. Əgər klubumda yaxşı oynasam, yığmada da mənə böyük etimad göstəriləcək”. 28 yaşlı futbolçu Uels yığması ilə səfər matçında nəticə qazanmağın heç də asan olmayacağını düşünür. A.Çertoqanov seçmə mərhələnin startının həmişə ağır olduğunu bildirib: “Kardiffdəki matçda psixoloji hazırlıqdan çox şey asılı olacaq. “Millenium” stadionundakı güclü azarkeş dəstəyi əleyhimizə işləyən amildir. İlk 20-30 dəqiqədə rəqibin təzyiqinə tab gətirə bilsək, səfərdə xal qazanmaq şansımız böyük olacaq. Uelsin heyətlə bağlı problemləri bizə üstünlük vermir. Bu yığmanın futbolçularının əksəri İngiltərə Premyer Liqasında çıxış edir. Həm də Uels kiçik ölkə, ərazisi Azərbaycandan da balaca olsa da, yığmasındakı itkiləri o qədər nəzərə çarpmır. Çünki heyətdəki boşluqları doldurmağa futbolçuları yetərincədir. Bununla belə, futbolda nəticə qazanmağa ümidin yoxdursa, onda meydana çıxmağın nə mənası var?
Qeyd edək ki, A.Çertoqanov milli komandamızın heyətində ötən seçmə mərhələdə ən çox oyun (10) keçirən futbolçudur.
0