Gül Ermənistanda futbola “bronjilet”də gedəcək
05.09.2008 - 13:45
Gül Ermənistanda futbola “bronjilet”də gedəcək
Türkiyə prezidenti Abdullah Gülün Ermənistana səfərinin detalları açıqlanıb. APA-nın məlumatına görə, Abdullha Gülü “Zvartnots” hava limanında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan qarşılayacaq. Təyyarədən yerə enməzdən əvvəl A. Gül əyninə kostyumun altından xüsusi polad gödəkcə geyinəcək.

Türkiyə nümayəndə heyəti hava limanından Ermənistan Prezident Sarayında xüsusi olaraq yaradılmış təhlükəsizlik dəhlizi ilə gedəcək. Burada iki prezident arasında təkbətək görüşdən sonra Serj Sərkisyan Abdullah Gülün şərəfinə iftar yeməyi verəcək.

Sabah İrəvanda iftar saatı Türkiyə vaxtı ilə 18.33-də olacaq. Abdullah Gül orucunu açdıqdan sonra Serj Sərkisyanla birlikdə Ermənistan və Türkiyə futbol yığmalarının görüşünün keçiriləcəyi “Razdan” stadionuna gedəcək. Səfərin təhlükəsizlik məsələləri son detalına kimi Türkiyə tərəfi ilə razılaşdırılıb.

Abdullha Gülün İrəvanda istifadə edəcəyi maşın və hava limanından Prezident Sarayına, oradan isə stadiona doğru gedən yola nəzarət edəcək xüsusi cihaz Türkiyədən göndərilib. “Razdan” stadionunda Türkiyə prezidentinə qarşı ehtimal olunan sui-qəsdin qarşısını almaq üçün Abdullah Gülün oturacağı skamyanın dörd bir tərəfi güllə keçirməyən şüşə ilə bağlanacaq. Bununla da İrəvana Ermənistan-Türkiyə maçını canlı izləməyə gedəcəyi açıqlanan Abdullah Gül əslində oyunu canlı deyil, şüşə arxasından izləyəcək.






0