Foqts: “Azərbaycanlı futbolçular hələ çox şey öyrənməlidirlər”
08.09.2008 - 10:38
Foqts: “Azərbaycanlı futbolçular hələ çox şey öyrənməlidirlər”
Bakı. Mehman Süleymanov - APA-Sport. “Dünya çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlasaq da, komandamın oyunundan razı qaldım. Səfər matçında yaxşı təsir bağışladıq və xal qazana bilərdik. Hakimin idarəçiliyinə qiymət vermək səlahiyyətimə aid məsələ olmadığından, bu haqda heç deyə bilmərəm”. “APA-Sport”un məlumatına görə, bunu Azərbaycan futbol yığmasının baş məşqçisi Berti Foqts Uelsə 0:1 hesablı məğlubiyyətdən sonra deyib. Almaniyalı mütəxəssis milli komandamızın sükanı arxasında rəsmi oyunda debütündə uduzmasını bəxt amili ilə bağlayıb: “Bu gün bəxt bizim tərəfdə deyildi. Rəqib meydanda daha aqressiv idi və səviyyə fərqi özünü göstərirdi. Qapıçımız Kamran Ağayev dünya səviyyəli oyun nümayiş etdirdi”. Futbolçuların yeni seçmə mərhələnin startı öncəsi üç həftə təlim-məşq toplanışında olduğunu deyən B.Foqts onların gələcəyi ilə bağlı nikbin danışıb: “Azərbaycanlı futbolçular günü-gündən daha yaxşı olurlar. Onlar hələ çox şeyi öyrənməlidirlər. Nəzərə almaq lazımdır ki, oyunçularımızın əksəriyyəti ilk dəfədir belə nəhəng arenada meydana çıxırdı. Həm də onlar belə meydanda oynamağa öyrəşməyiblər. Azərbaycandakı meydanlarda öt örtüyü ağırdır”. 62 yaşlı almaniyalı mütəxəssis gələn ilin iyununda Bakıya gələcək uelslilərə mesaj göndərib: “Həmin vaxt Uels yığması qarşısında daha güclü komanda görəcək. Mən realist insanam. Qrupumuzda Almaniya və Rusiya aşkar favoritdir. Hesab edirəm ki, Uelsin dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansı yoxdur. Növbəti oyunda mütləq qələbə qazanmalıyıq. Hər halda, Lixtenşteynlə Bakıdakı oyunda qələbə qazanmaqdan çıxış yolumuz yoxdur”.


0