Hans Peter Zauq: “Azərbaycan yığması Lixtenşteyndən fərqlənmir”
09.09.2008 - 09:58
Hans Peter Zauq: “Azərbaycan yığması Lixtenşteyndən fərqlənmir”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts futbolçularına qələbə qazanmaq tapşırığını verəcək. Bu isə bizim üçün bir üstünlükdür”. “APA-Sport”un məlumatına görə, bunu Lixtenşteyn milli komandasının baş məşqçisi Hans Peter Zauq deyib. 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində sabah Bakıda Azərbaycanın qonağı olacaq lixtenşteynlilərin çalışdırıcısı bildirib ki, komandasının uğurlu nəticəsinə inanır: “Şübhəsiz ki, Azərbaycan yığması bizdən fərqlənmir. Mən rəqibin İslandiya ilə matçını dəfələrlə izləyib, təhlil etmişəm. Onlar kifayət qədər müdafiəyə meyl edir. Azərbaycan çox sərt, bəzən hətta kobud oynamaqdan da çəkinmir. Bunun nəticəsidir ki, Uelslə qarşılaşmada penalti ilə cəzalandılar. Qələbəyə ehtiyacımız var. Azərbaycan gücümüzə görə olan rəqibdir. Bakıda asan qələbə qazanacağımızı düşünüb arxayınlaşmaq da xeyrimizə olmazdı. Düzgün oyun qura bilsək, istənilən nəticəni əldə edə biləcəyik”.


0