Hiddink uelslilərə “atıb”
10.09.2008 - 16:28
Hiddink uelslilərə “atıb”
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan milli komandasının 2010-cu il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqibi Rusiya yığmasının baş məşqçisi Qus Hiddink hiyləgərlik edib. “APA-Sport”un xəbərinə görə, hollandiyalı mütəxəssis bu gün Moskvada qarşılaşacaqları uelsliləri aldadıb. Belə ki, britaniyalı jurnalistlər rusların məşqinin yalnız son 15 dəqiqəsini izləyə biliblər. Oyunöncəsi keçirilən mətbuat konfransında uelsli jurnalistlərin təxribatçı suallarından məharətlə yayınan Hiddink daha sonra onlara “atıb”. Rusiya komandası üzvlərinin öncə “Lokomotiv”in ehtiyat meydançasında məşq keçmələri planlaşdırılsa da, sonradan hazırlıq prosesi üçün Uelslə görüşəcəkləri əsas meydançanı seçiblər. Bu dəyişiklik jurnalistlərə xəbər verilmədiyindən, onlar mətbuat konfransından dərhal sonra ehtiyat meydançaya tələsiblər. Ən maraqlısı odur ki, bu yürüşə Hiddink özü başçılıq edib. Bu müddətdə isə rusiyalı futbolçular “Lokomotiv”in əsas meydançasında baş məşqçisiz çalışıblar. Hiddink və mətbuat nümayəndələri məşq olan meydançaya ancaq məşqin axırlarına yaxın gəlib çatıblar. Uelsdən gələn jurnalistlərin sifətində aşkar üzüntü hiss olunduğu halda, hollandiyalı çalışdırıcı heç nə olmamış kimi məşqə başlayıb. Hiddink məşqi izləyənlərə yetirmələrinin əsasən isinmə xarakterli hərəkətlərini göstərməklə, əsl hazırlıq prosesini gizlədib.
0