Daha bir oyun alveri
10.09.2008 - 16:59
Daha bir oyun alveri
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Qazaxıstan çempionatında keçirilən “Şaxtyor” - “Vostok” qarşılaşması qalmaqala səbəb olub. “APA-Sport”un məlumatına görə, güclülər dəstəsini tərk etməyə namizəd olan iki komandanın görüşünün nəticəsi əvvəldən razılaşdırılıbmış. Qazaxıstan Futbol Federasiyası matçın inspektoru Viktor Abqoltsun raportunu əsas gətirərək araşdırmalara başlayıb. Hakim inspektor 2:1 hesabı ilə “Şaxtyor”un qalib gəldiyi oyunda qonaqların 55-ci dəqiqədən sonra mübarizəni dayandırdığını qeyd edib. Ekspert komissiyası görüşün videoyazısını izləyərək raportda yazılanların doğru olduğunun şahidi olub.
Meydan sahiblərinin ilk qolu əllə vurmasına hakim göz yumsa da, “Vostok”un bu qərara etiraz etməməyi də şübhə doğurur. Hesab 1:1 olarkən qonaqların müdafiəçiləri qol vurmaq üçün topu qəsdən rəqibə ötürür. Bu azmış kimi, “Vostok” əlavə olunmuş dəqiqələrdə meydanda “aktyorluq” edib. Ekspert komissiyası matçın idman xarakteri daşımaması qənaətinə gəlib. Nizam-İntizam Komitəsinə müvafiq qərar çıxarılması ilə bağlı müraciət olunub. Belə ki, hər iki komandanın güclülər dəstəsindən kənarlaşdırılması gözlənilir.
0