Foqts həm razıdır, həm narazi
11.09.2008 - 10:39
Foqts həm razıdır, həm narazi
Bakı. Mehman Süleymanov - APA-Sport. “Lixtenşteynlə görüşdə nəticədən yox, oyundan razı qaldım. Çoxlu qol imkanları yaratdığımız halda, son zərbəni dəqiq vura bilmirdik. Hər halda, seçmə mərhələdə qazanılan ilk xala görə razıyam”. “APA-Sport”un xəbərinə görə, bu fikirləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Lixtenşteynlə görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

0:0 hesablı nəticəni faciə saymayan alman çalışdırıcı mətbuat konfransında bildirib ki, Lixtenşteynlə oyunlardan 6 xal götürəcəyi barədə söz verməyib: “Mən Lixtenşteyn üzərində hər iki oyunda qələbə qazanacağımızı deməmişəm. Komandamın oyunundan razı qaldım və bu nəticəyə görə heç kimdən üzr istəmək fikrim yoxdur. Yalnız ona heyfsilənirəm ki, azərbaycanlı azarkeşlər qələbəyə sevinə bilmədilər”.

Foqts daha sonra milli komandaya cəlb etdiyi gənc futbolçuların zəif təsir bağışlamasında klubları günahkar çıxarıb: “Gəncləri bu dəfə tərifləyə bilməyəcəyəm. Çünki yaxşı təsir bağışlamadılar. Onların öz komandalarında hansı səbəbdən oynamadığını, klubların niyə daha çox legionerlərə bel bağladığını niyə demirsiniz? 3-4 həftə ərzində problemləri tam həll etmək, bundan artıq iş görmək qeyri-mümkündür”.








0