Zauq vəkil rolunda
11.09.2008 - 10:59
Zauq vəkil rolunda
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bəxtimiz gətirdi ki, Bakıdan bir xalla ayrılmağı bacardıq. Azərbaycan yığması çox yaxşı oynasa da, qol vura bilmədi. Xüsusilə, ilk 20-25 dəqiqədə təzyiqə dözməli olduq. Almaniyaya məğlubiyyətdən sonra bizə bu nəticə çox vacib idi”. “APA-Sport”un məlumatına görə, bu sözləri Lixtenşteyn milli komandasının baş məşqçisi Hans Peter Zauq deyib. 2010-cu il dünya çempionatının seçmə mərhələsində keçirilən Azərbaycan – Lixtenşteyn matçından sonra qonaqların isveçrəli çalışdırıcısı daha çox həmkarını müdafiə etməklə məşğul olub. Mətbuat konfransında jurnalistlərin Berti Foqtsa tənqidi suallar verməsi Zauqu bir anlıq vəkil ampluasında çıxış etməsinə səbəb olub: “Məni ən çox o təəssüfləndirir ki, burada bizim komandanı çox zəif sayırlar. Baş məşqçiyə inanmamağınız məni təəccübləndirir. Görürəm ki, Foqts düzgün yoldadır və ona vaxt vermək lazımdır. Axı komandanız da çox yaxşı oynadı”
0