Diniyevin arzuladığı piramida
11.09.2008 - 16:15
Diniyevin arzuladığı piramida
Bakı. Mehman Süleymanov - APA-Sport. “Yeni seçmə mərhələdə ilk qələbə qazanmaq üçün çılğın azarkeşlik etdim. Amma milli komandamızın Lixtenşteyni məğlub edə bilməməsindən çox üzüldüm”. Bunu “APA-Sport”a açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev deyib.

11 ay öncə istefa verən Diniyev Lixtenşteynin Bakıdan bir xal aparmasında baş məşqçi Berti Foqtsu çox günahlandırmayıb: “Milli komandamızın problemi baş məşqçidə deyil. Foqtsda günah görmürəm, futbolçuları da təqsirləndirmirəm. Problem tam başqa və daha dərindədir. Yığma piramidanın ən yüksək nöqtəsidir. Bu nöqtəyədək aşağıda həll olunası çoxlu problemlər var”.

Diniyevin sözlərinə görə, milli komandanın əsl potensialı məlum olduğu halda, iddialı çıxışlar etmək doğru deyil: “Almaniya, Rusiya kimi yığmalar üzərində qələbə, dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqdan danışırıq. Avropada real gücümüzü, mövqeyimizi unutmamalıyıq. Bütün futbol ictimaiyyəti reallığı dərk etməli və dönüş nöqtəsini tapmalıdır. Məhz bu nöqtəni tapandan sonra inkişafa doğru yolumuzu müəyyənləşdirib, irəliləməliyik. Əks təqdirdə, tərəqqiyə nail olmaq mümkün deyil. Avropada öz yerimizi bilməyənədək belə uğursuz nəticələr davam edəcək”.


0